Sevinc QEMBEROVA

Hazar Üniversitesi

Keywords: Dialects of the Azerbaijani language, Uzbek language, Common feature, Phonetical, Lexical.

XX əsrdə türk dillərinin və dialektlərinin təsnifi, bu dillərin fonetikası, leksikası, orfoqrafiyası, orfoepiyası, morfologiyası, sintaksisi və s. haqqında bir çox əsərlər meydana gəldi, lüğətlər və dilçilik atlasları tərtib edildi, türk dillərinin müqayisəli təhlili ilə bağlı geniş tədqiqat işləri hazırlandı və s. Bütün bu böyük işlər fonunda bəzi istiqamətlər nisbətən diqqətdən kənarda qalmışdır ki, onlardan biri də qohum olsalar da, öz inkişaf tarixlərində bir-birindən kifayət qədər fərqli xüsusiyyətlər qazanmış dil qrupları arasında, eləcə də bir qrupa daxil olan bir neçə dil arasında müqayisələrin aparılmasıdır (Qəmbərova, 2021, s. 78-79). Məqalədə türk dilləri ailəsinə daxil olan Azərbaycan dilinin şivələri və özbək dilində olan ortaq fonetik və leksik xüsusiyyətlər ortaya çıxarılaraq tədqiqata cəlb edilmişdir. Azərbaycan dilinin şivələrində mövcud olub özbək dilində ədəbi dil səviyyəsində müşahidə edilən həmin xüsusiyyətlər müqayisəli şəkildə işıqlandırılmış, faktlar və nümunələr ilə əsaslandırılmış, yeri gəldikcə hər iki dilə məxsus olan materiallara müraciət olunmuşdur.

Azərbaycan dili şivələri zəngindir, rəngarəngdir, xalqın formalaşmasında iştirak edən qədim tayfaların dil xüsusiyyətlərini özündə mühafizə edən canlı bir arxivdir. Azərbaycan dili şivələrində oğuzlar ilə yanaşı, qıpçaqlar, uyğurlar və digər etnosların izlərini görə bilirik və bu linqvistik faktlara əsasən onların ölkənin hansı hissələrində məskunlaşmasını təyin edə bilirik. Son təsnifata görə Azərbaycan dili şivələri üç əsas və bir qarışıq tipli ləhcədə birləşdirilirHər bir ləhcənin daxilində oxşar cəhətlərinin çoxluğuna görə şivə qrupları ayrılır.“Şimal-şərq ləhcəsinə daxil olan şivə qrupları: 1) Bakı-Şamaxı; 2) Quba-Xaçmaz; 3) Dərbənd; Qərb ləhcəsinə daxil olan şivə qrupları: 1) Qarabağ; 2) Qazax-Borçalı; 3) Ayrım şivəsi (Gədəbəy Və Daşkəsən rayonlarının ərazisində). Cənub ləhcəsinə daxil olan şivə qrupları: 1) Təbriz; 2) Ərdəbil; 3) Zəncan; 4) Urmiya; 5) Naxçıvan və s. Şimal-qərb qarışıq tipli ləhcəsi isə Şəki-Zaqatala regionunun şivələrini əhatə edir” (Əzizov, 2016, s. 280-281).

Özbək dili türk dilləri ailəsinə daxil olub özünəxas fonetik, leksik, qrammatik xüsusiyyətləri olan müstəqil bir dildir. Özbək dili salar, yeni uyğur, sarı uyğur dilləri ilə birlikdə türk dilləri ailəsinin karluq-uyğur qrupuna daxildir. Özbək dili Özbəkistan Respublikasının dövlət dilidir, bu dildə 20 (iyirmi) milyona yaxın əhali danışır. Özbəklər həm də Qazaxıstan, Tacikistan, Türkmənistan respublikalarında, Çinin Sintezyan-Uyğur ərazisində, Əfqanıstanda (şimal hissəsində) yaşayırlar. Özbək ədəbi dili karluq və uyğur tayfa birliklərinin əsasında formalaşmışlar. Bu dilin formalaşmasında oğuz və qıpçaq tayfaları da həlledici rol oynamışlar. Bu dil XI-XIV əsrlər ərzində türk adı altında tanınmış, XV əsrdən başlayaraq cığatay dili kimi tanınmışdır (Xəlilov, 2013, a, s. 296).

Özbək dilində, əsasən, ərəb, latın və kiril əlifbalarından istifadə olunmuşdur. Özbək ədəbi dili ahəng qanununun pozulduğu fars və tacik dillərinin təsirindəki dialekt və şivələr əsasında yaradılmışdır.1930-cu ilə qədər ərəb əlifbası ilə yazılan özbək dili 1930-1940-cı illər arasında latın əlifbası ilə yazılmağa başlamışdır. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultaydan sonra başlayan latınlaşma hərəkatına özbəklər də qoşulmuşlar. Qurultaydan 6 il sonra özbək-latın əlifbası rəsmi olaraq qəbul edilmişdir. 10 il istifadə edilən latın əlifbasının yerini Stalin dövründə kiril əlifbası əvəz etmişdir. Özbəkistan müstəqillik əldə etdikdən sonra özbəklər yenidən latın əlifbasına keçmişlər. 1993-cü ildə rəsmiləşən latın əlifbası 1995-ci ildə yenidən dəyişiklik olunmaqla qəbul edilmişdir (İbrahimov, 2017, s. 58, 59).

Özbəkistan və Azərbaycan Respublikalarının tarixində, keçdiyi yolda, həmçinin bu xalqların və onların dillərinin arasında fərqli xüsusiyyətlər ilə yanaşı, bənzər, ortaq cəhətlər də çoxdur. Hər iki ölkə Sovetlər Birliyi dağıldıqdan sonra öz müstəqilliyinə qovuşan ölkələr sırasındadır (1991-ci ildə). 70 il Sovetlər Birliyinin hakimiyyəti altında olduğu dövrdə eyni mərkəzdən, eyni qərarlar, eyni ideologiya və siyasət ilə idarə edilmişlər. Məlumdur ki, bir əsr ərzində neçə dəfə əlifbanın dəyişdirilməsi xalqın, onun elminin, ədəbiyyatının, mədəniyyətinin inkişafına ciddi zərbə vurur, özünü bu sahələrdə dünya düzənində ifadə etməsini gecikdirir, geridə qoyur.

Azərbaycan və özbək dillərində sözalma prosesi də eyni şəkildə baş vermişdir. Məlumdur ki, dilin ən çox dəyişikliyə məruz qalan hissəsi onun lüğət tərkibi, leksikasıdır. Belə ki, dilin leksika şöbəsi onun qrammatikasından fərqli olaraq, bir əsr ərzində ən azı 25% (iyirmi beş faiz) dəyişə bilər. Buna həm dilin öz daxili imkanları, resursları hesabına sözyaratma prosesi, həmçinin qloballaşma şəraitində digər dillərin təsiri səbəb ola bilər. “Məlumdur ki, özbək xalqı və dili ən qədim türk qəbilə və tayfalarının əsasında formalaşmışdır. Mərkəzi Asiyada müxtəlif tarixi və ictimai-siyasi cərəyanlar, xüsusən ərəblər, monqollar və rusların istilası, qardaş qazax, qırğız, türkmən, tacik xalqları ilə olan qonşuluq münasibətləri özbək dilinin tərəqqisinə ciddi təsir göstərmişdir. ..Özbək dilinin leksikasının milli qatı ümumtürk sözləri və xalis özbək sözlərindən ibarətdir. Ümumtürk sözləri özbək dili leksikasının ən qədim layıdır. Bu sözlərin əksəriyyəti müasir qazax, qırğız, türkmən, Azərbaycan dillərində mühafizə edilmişdir” (Jamolxonov, 2005, s. 188).

Fonetik Xüsusiyyətlər

Dillər və onların dialektləri arasında olan fərqlər ən çox özünü onların fonetik quruluşunda, yəni səs sistemində olan fərqliliklərdə göstərir. Bu mənzərə həm ədəbi dil ilə dialektlərinin, eyni zamanda bir dilin müxtəlif dialektləri arasında da müşahidə edilir. Hər bir dilin dialektlərinin öyrənilməsində fonetik xüsusiyyətlərin böyük önəmi vardır. Çünki say baxımından da fonetik xüsusiyyətlər çoxluq təşkil edir, həmçinin bu xüsusiyyətlərin öyrənilməsi digər yaruslarda olan xüsusiyyətlərə (leksik, qrammatik) də aydınlıq gətirir. Azərbaycan dili şivələrində özünü göstərən bir çox xüsusiyyətlər özbək dilində ədəbi dil səviyyəsində izlənilir. Maraqlıdır ki, bu ortaqlıq bir ləhcə, yaxud bir neçə şivə ilə məhdudlayaraq Azərbaycan dilinin bütün dialekt sistemini əhatə edir. Bu sırada sait və samit səslərinin əvəzlənmələrini, fonetik hadisələr və s.göstərə bilərik:

A ̴ o Səs Dəyişməsi

Məmmədağa Şirəliyev a>o hadisəsini yaradan səbəblərdən biri kimi a səsindən əvvəl və ya sonra qoşa dodaq samitinin gəlməsini göstərmişdir. Belə ki, qoşa dodaq samitlərinin təsiri altında damaq saiti (a) dodaq saiti (o) ilə əvəzlənir (Şirəliyev, 2008, s. 45). a>o keçidi Bakı şivəsinin xarakterik əlamətidir, lakin digər şivələrdə də məhdud dairədə mövcuddur: boca, bobat, hova, bovba, popağ, dova, doban (B.), dovar, gomuş, çarşof, lovaş, tova (Qb.), boyatı, homı, tomaşa,boğ, yovan, xom, qopı (Meğ.), yoxun, hovla, popax (Nax., Ord.), covan, yovaş, şoftalı, boş, boşqa, qovali “gavalı”, boci, xotun, yolov “alov”, qotuğ (Dər.) və s. (Məmmədli, 2019, s. 56). Bu xüsusiyyət Azərbaycan dilinin şimal-şərq ləhcəsini səciyyələndirən əsas xüsusiyyətlərdən biridir. Qeyd etmək istərdik ki, hazırda Azərbaycan dilinin Bakı şivəsi bir çox özünəxas xüsusiyyətlərindən uzaqlaşmaqda və dildə koyne (ədəbi dilin əsasını təşkil edən dialekt) rolunu oynamaqdadır. Obyektiv (müharibə, təhsil və s.) və subyektiv (urbanizasiya və s.) səbəblərdən Azərbaycanın xaricindən və digər şəhərlərindən Bakıya gələrək şəhərdə məskunlaşan əhalinin nitqi də bir-birinə təsir edərək qarışmışdır. a>o səs dəyişməsi hazırda daha çox bir çox xüsusiyyətlər kimi şivə xüsusiyyətlərini mühafizə edən Bakı kəndlərində müşahidə edilməkdədir.

Azərbaycan ədəbi dili ilə müqayisədə özbək dilində o-laşmanın geniş şəkildə yayılmasına şahid oluruq. Məs.: odolet [adolat](özbək dilində)-ədalət (Azərbaycan dilində); odom [odam]-adam; ağır [oğir]-ağır; oxiret [oxirat]-axirət; oile [oila]-ailə; olomet [alomat]-əlamət; olem [olam]-aləm; oltmış [oltmiş]-altmış; feloket [falokat]-fəlakət; feroset [farosat]-fərasət; soodet [saodat] və s. (Berdak, 1993, s. 9,10,12, 52, 135). Elbrus Əzizov a~o səs əvəzlənməsini av səs birləşməsi ilə bağlayaraq uyğur elementi hesab edir, “av səs birləşməsindəki saitin Azərbaycan və uyğur dillərində a və o saitləri ilə işlənən, uzanan (o:) və diftonqlaşan variantları özünü göstərir. ..av səs birləşməsindəki saitin o-laşan, uzanan və diftonqlaşan variantları Azərbaycan dili şivələrində daha geniş yayılmışdır” (Əzizov, 2016, s. 58). Məmmədağa Şirəliyev hesab edir ki, müasir türk dillərindən o-laşmanı özündə ən çox saxlayan özbək dilidir. Bundan əlavə bu hadisəni uyğur, yakut dillərində və türk dilinin dilalektlərində görmək mümkündür (Şirəliyev, 2008, s. 45).

O ̴ u Səs Dəyişməsi

Sözün birinci hecasında o ̴ u səs dəyişməsinin baş verməsi Azərbaycan dilinin şimal-şərq ləhcəsini (Bakı-Şamaxı, Muğan, Quba-Xaçmaz, Dərbənd və s.) səciyyələndirən xüsusiyyətlərdən biridir. Məs.: çuban, qunağ, kutan, utuz, quşun (Qb.); urman, buş, mulla, bustan, zuğal (Meğ.); yurğan, suğan, uba, urax, faytun (Q., Zaq.) və s. (Məmmədli, 2019, s. 37; 67). Məmmədağa Şirəliyev hesab etmişdir ki, o səsinin u səsi ilə əvəzlənməsi hadisəsini qıpçaq tipli türk dillərinin xüsusiyyətlərini özündə daha aydın əks etdirən dialekt və şivələrimizdə (Quba, Zaqatala-Qax və bir qədər bakı, Şəki, Ordubad, Muğan) görə bilirik (Şirəliyev, 2008, s. 51).

İbrahim Bayramov bu səs dəyişməsinin qərb və cənub, həmçinin İraq-türkman şivəsində də müşahidə olunduğunu qeyd etmişdir (Bayramov, 2022, s. 89). Mədəni və coğrafi yaxınlıq səbəbi ilə ərəb və fars dillərindən Azərbaycan və türk dillərinə daha çox söz keçmişdir. Bu sözlərin bir çoxu keçdiyi dilin qayda-qanunlarına uyğunlaşdırılmış, xalq tərəfindən mənimsənilmişdır (Teymurlu, 2022, s. 384). Azərbaycan dili şivələrində işlədilən alınma sözlərdə də o ̴ u səs dəyişimi müşahidə edilir (İran mənşəli alınmalar və s.). o ̴ u səs əvəzlənməsi əsasən sözlərin birinci hecasında baş verir. Məs.: xoreş ̴ xuruş, qora ̴ qura, doruğ ̴ duruğ. (Tahirov, 2004, s. 31).

Özbək dilində olan materiallar ilə tanış olarkən burada da müəyyən söz və əvəzliklərin Azərbaycan dili şivələrində olduğu kimi, o ̴ u səs dəyişməsi ilə istifadə edildiyinə şahid oluruq. Məs.: -Fonemalarning integral belgilari ularning o’zaro farqlanmaydigan alomatlaridir; -Bunday ottenkalarning lingvistik qiymati yo’q, shunga ko’ra ular tilshunoslikda o’rganilmaydi (Jamolxonov, 2005, s. 39;47); -O’rtaga qiltiriq bir bola chiqadi va havoda chir aylanib, dumbaloq oshib sakrab, hammaga ta’zim qiladi. T.obidov, Yusufjon qiziq (O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi.J.I.A–D., 2023, s. 930).

D ̴ t Səs Dəyişməsi

Azərbaycan dilinin bütün şivələrində qeyri-müəyyən kəmiyyətdə yayılmışdır; məs.: tiş, tükan, tuşman, tüş, tişi, tustax (Qaz.,Tov.), tayçə, tarağ, taramağ, tayağ, tuman “duman” ( Dər.) və s. Məhərrəm Məmmədli hesab edir ki, “bu səs keçidi qıpçaq qrupu türk dilləri üçün səciyyəvidir; məs.: təs “döş”, tis “diş”, tamşı “damcı”(qazax), tovşan, tamşıtarı, til (Qaraqalpaq), tav “dağ”, taş, til, tiş, tiz (qumuq və noqay), tinqez “dəniz”, taru “dərman” (tatar) və s. (Məmmədli, 2019, s. 63-64). Könül Səmədova “Şimal-qərb qrupu dialektlərinin fonetikası” göstərmişdir ki, d səsinin t səsinə keçməsi hadisəsinə müəyyən dərəcədə bütün dialektlərdə rast gəlinsə də Şimal qrupu dialekt və şivələrində geniş yayılmış hadisələrdəndir. Bu səs əvəzlənməsi həm sözün əvvəlində, həm də sonunda müşahidə olunur. Məs.: tevşan, tık, tışqarı, tuş, turur, tükən (Zaq., Bal., Qax), qənət, Əhmət, armut, arvat, plıt, süt, qənt, tünt (Şəkinin bütün kəndlərində) və s. (Səmədova, 2018, s. 122).

Azərbaycan dili müqayisədə şahid oluruq ki, özbək dilində dilində bir çox sözlərin əvvəlində d samitinin kar qarşılığı olan t işlədilir. Məs.: teqirman [tegirman]-dəyirman; teri [teri]-dəri; tiz [tiz]-diz; tizmok [tizmaq]-düzmək; tilak [tiläk]-dilək; tuğılmoқ [tuğılmaq]-doğulmaq; tunğız [tongiz]-donuz; turt [tort]-dörd, sut [süt]-süd və s. (Berdak, 1993, s. 310, 322, 324, 325, 332, 333).

Məmmədağa Şirəliyev bu hadisənin qədim türk dilinə aid bir xüsusiyyət olduğunu qeyd edərək göstərmişdir ki: “d səsinin t səsi ilə əvəzlənməsi nəinki müasir türk dillərində, hətta türk dillərinə aid qədim abidələrdə də geniş yayılmışdır. M.Kaşğarinin “Divanü lüğət-it-türk” əsərində d səsi ilə başlanan yalnız 18 söz vardır, qalanları isə t ilə başlanır (Şirəliyev, 2008, s. 77-78). Kaşğari bu barədə yazmışdır: “Oğuzlar və onlara yaxın olanlar sözdəki t hərfini d ilə əvəz edirlər. Türklər dəvəyə “təwəy”, bunlar “dəvəy” deyirlər. Eynilə dəlik mənasına gələn söz türklərdə “öt”, bunlarda “öd” olur (Kaşğari, 2006, s. 105).

C ̴ j Səs Dəyişməsi

Dilçilik ədəbiyyatında bir çox qıpçaq və oğuz xüsusiyyətləri müqayisəyə cəl edilib nəticəyə gəlinir ki, bu iki etnosa məxsus dil xüsusiyyətləri arasında bənzərlik çoxdur və bəzi məqamlarda ayırd eləmək çətindir. Lakin c>j səs əvəzlənməsi Azərbaycan dili şivələrində qorunub saxlanılmış qıpçaq elementi hesab edilir. Bu xüsusiyyətin yayıldığı qərb regionu (Kür və Araz çayları arasındakı ərazi) oğuzlar ilə yanaşı olaraq, qıpçaq türklərinin vətəni (Gəncə, Qazax və s.) hesab edilir. Məhərrəm Məmmədli qeyd etmişdir ki, c>j keçidi qərb şivələrinin fərqləndirici xüsusiyyətidir: gejə, hajı, qoja, bajı, ojax, ajıx, balaja, gedəjəm, paja “baca”, ajı, mejmayı (Qaz., Tov., G.), cüjə, qujax, gejdən “səhər tezdən”, köçijihdi, sındırjıtdı, qoymıjıx` (Ş.) və s. (Məmmədli, 2019, s. 65).

Məmmədağa Şirəliyev c səsinin j səsi ilə əvəzlənməsini Azərbaycan dilinin qərb şivələrinə məxsus olan əsas xüsusiyyətlərindən biri olduğunu göstərərək bu hadisəyə əsasən iki sait arasında təsadüf edildiyini yazmışdır ki. Məs.: gejə, hajı, qoja, bajı, oğax, majal, bajanax, baja, ajı, hajat (Qazax, Qarabağ, Gəncə) (Şirəliyev, 2008, s. 85). Qeyd etmək istərdik ki bu hal həm təkhecalı sözlərin sonunda (gej, güj, saj və s.), ən çox da qeyri-qəti gələcək zaman şəkilçisi qəbul etmiş feillərdə (gələjəm, baxajam, güləjəx’ və s.) müşahidə edilir. J-laşma hadisəsi özbək dilində geniş şəkildə müşahidə edilməkdədir. J səsi ilə yazılan bir çox sözlər c səsi ilə tələffüz edilir. Məs.: tijoret-ticarət, ejdot-əcdad, janob-cənab, fejoot-fəlakət, feji-faciəli, ajab-əcəb, ajal-əcəl (Berdak, 1993, s. 39, 44, 51, 52, 189).

Y Səsinin Söz Əvvəlində İşlənməsi

Azərbaycan dili digər oğuz dillərindən innovasiyaların çoxluğu ilə fərqlənir (İnnovasiya dilin ilkin, yaxud kökdil formalarının dəyişməsi deməkdir). ..Fikrimizcə, dillərin qədimliyi arxaizmlərin çoxluğu ilə deyil, bəlkə də innovasiyaların sayı ilə ölçülməlidir...Aydındır ki, kökdil formalarının dəyişməsi üçün dilin uzun sürən təkamül prosesi tələb olunur (Əzizov, 2016, s. 22-23). Deməli, innovasiyaların üstün olduğu türk dilləri, o cümlədən Azərbaycan dilinin kökləri tarixin çox qədim laylarına gedir, çünki innovasiyaların arxaizmlərdən çox olduğu dillər daha uzun sürən bir inkişaf yolu keçmişdir.

Orta türk dövrünün (X-XVI əsrlər) abidəsi sayılan “Divanü lüğət-it türk” (“Türk dillərinin divanı”) əsərində (Xəlilov, 2013, s. 116) artıq y səsdüşümü hadisəsi genişlənərək hiss ediləcək bir dərəcəyə gəlmişdir. Belə ki, əsərin müəllifi Mahmud Kaşğarinin lüğətdə (XI əsr) y səsdüşümü ilə bağlı qeydlərinə rast gəlirik: “Digər türklər yolçuya “yəlkin”, oğuz və qıpçaqlar isə “əlkin” deyirlər. Onlar ilıq suya “yılığ suw”, bunlar “ılığ suw” deyirlər (Kaşğari, 2006, s. 105).

Y səsdüşümü hadisəsinin baş verməsi nəticəsində Azərbaycan dilinin qərb ləhcəsində istifadə olunan bir qrup sözlərin ədəbi dildən fərqli olaraq ı səsi ilə başlamasının şahidi oluruq (ıldırım, ılxı, ılıx və s.). Belə ki, protürkcədə bu sözlərin əvvəlində y samiti olmuş, sonrakı dövrlərdə baş verən səsdüşüşmü nəticəsində bu səsin artıq müəyyən sözlərin əvvəlində işləkliyini itirdiyini görürük. Qədim türk yazılı abidələrinin dilində (VIII əsr, ən qədim türk dövrü) bu cür vahidlərin y samiti ilə başlayaraq (yılan, yılkı və s.) ahəng qanununa uyğun şəkildə işlənməsini izləyirik (Rəcəbov, Məmmədov, 1993, s. 361).

Maraqlıdır ki, qərb şivələrində Azərbaycan ədəbi dilindən fərqli olaraq protürkcədəki və digər türk dillərində işlədilən (Türkiyə türkçəsi, qaqauz dili və s.) formasına uyğun olaraq söz əvvəlində y səsi izlənilir. Əzizxan Tanrıverdi göstərmişdir ki, “ulduz” sözü qərb ləhcəsində həm “Kitabi-Dədə Qorqud”a qədərki (yıldız), həm də “Kitabi-Dədə Qorqud”dakı formasına (ıldız) uyğun işlənməkdədir (Tanrıverdi, 2006, s. 164). Azərbaycan dilinin qərb şivələrində müşahidə edilən bu xüsusiyyət özbək dili səsləşir, çünki özbək dilində bir çox sözlərin əvvəlində y səsi müşahidə edilməkdədir. Məs.: yiqit, yil, yilqı, yirik, yiraq və s. (Berdak, 1993, s. 36, 240, 241).

Ŋ İşlənməsi

Ŋ-dilarxası sonorlu cingiltili səsdir. Bu səsə sağır “nun”, ya da velyar ŋ deyilir. Ŋ səsi dilin arxa tərəfinin arxa damağa yaxınlaşması ilə deyilir. Bildiyimiz üzrə, ŋ səsinin qədim şəkli qovuşuq nq, nğ, ng olmuşdur ki, bunu türk dillərinə aid qədim abidələrdə, klassiklərimizdə və dialektlərimizdə görə bilərik. ..Daha sonralar ŋ səsi get-gedə öz hissələrinə parçalanmış, bir qrup dialektlərdə bu səsin n ünsürünə, başqa bir qrup dialektlərdə isə q, ğ, g ünsürünə üstünlük verilmişdir. (Şirəliyev, 2008, s. 72). Türk dillərinin tarixi-linqvistik müstəvidə tədqiqində ən sanballı istinad nöqtəsinə çevrilən Orxon-Yenisey abidələri türk poetik təfəkküründən süzülüb, onun hər bir işarəsində türk ruhu yaşayır. VII-VIII əsrlərə aid Orxon-Yenisey abidələri qədim türk əlifbası ilə (daha çox run əlifbası, runik əlifba terminlərindən istifadə olunur) yazılıb (Tanrıverdi, 2017, s. 18).

Ŋ səsi qədim türk dilində (Göytürk əlifbasında) işlədilərək Orxon-Yenisey ümumtürk abidələrində olan mətnlərdə öz əksini tapmışdır. Gülxanım Vəliyeva “Qədim dil” (2013) kitabında ŋ səsinin hazırda Azərbaycan dilindəki və qədimtük yazılı abidələrindəki mövqeyi barədə yazmışdır: “H -Azərbaycan dilinin qərb qrupu şivələrində indi də geniş dairədə işlənən burunda tələffüz olunan sağır nun ŋ səsidir. Abidədə sözün yalnız ortasında və sonunda qeydə alınmışdır. Məs.: HuB-buŋ (dərd, qəm, kədər), ügHb-beŋqü (əbədi, daima), zSHuB- buŋsuz (qədərsiz)”(Vəliyeva, 2013, s. 21).

Dialektoloji ədəbiyyatda ŋ səsinin mövqeyinə görə Azərbaycan dili şivələri müxtəlif müəlliflər tərəfindən ənənəvi olaraq aşağıdakı kimi qruplaşdırılmışdır (Məmmədağa Şirəliyev, Elbrus Əzizov, Məhərrəm Məmmədli və b.): 1) Ŋ səsinin olmadığı şivələr (şimal-şərq şivələri); 2) Ŋ səsinin işlək olduğu şivələr (qərb şivələri); 3) Ŋ səsinin düşərək xüsusiyyətlərini özündən əvvəl və sonra gələn saitlərə verdiyi şivələr (cənub şivələri). Hesab edirik ki, ŋ səsinin mövqeyinə görə Azərbaycan dili şivələrinin iki qrupda birləşdirilməsi daha məqsədəuyğundur: 1) Ŋ səsinin istifadəsinin müşahidə edilmədiyi şimal-şərq şivələri; 2) Ŋ səsinin işlədildiyi, yaxud düşərək özünəməxsus cəhətlərini özündən əvvəlki və sonrakı saitlərə ötürdüyü qərb və cənub şivələri. Çünki hazırda bu istiqamətdə canlı olaraq müxtəlif bölgələrin nümayəndələrini dinlədikdə bu halın baş verdiyini görürük. Şahid oluruq ki, qərb şivələrində ŋ səsi ancaq öz möhkəmliyini qoruyub saxlamır, həmçinin düşərək havanın burundan çıxması xüsusiyyətini özündən əvvəl və sonra yanaşı gələn saitlərə ötürür. Məs.: Mãã elə gəlir ki; Sãã elə gəlir (Gəncə) və s.

Türk dilləri ailəsinə daxil olan 30-a yaxın dilə baxarkən iki hal müşahidə edirik, ŋ səsi ya bu dillərdə ədəbi dil səviyyəsində işlədilir, yaxud ədəbi dildə öz işləkliyini itirmiş olsa belə, həmin dillərin dialektlərində qorunub saxlanılmışdır. Ümumxalq özbək dilində (həm ədəbi dildə, həm dialektlərində) ŋ səsi öz işləkliyini mühafizə etmişdir. “Ng (ŋ) fonemi. Bu fonem söz əvvəlində işlənmir, söz ortasında (koŋgil, siŋgil) və söz sonunda (oŋg, miŋg) işlədilir. Məs.: -1939-yilning 25-27 mart kunlari shu institutda alifbo va orfografiya masalalariga bag’ishlangan respublika ilmiy sessiyasi bo’lib o’tadi; -To’g’ri talaffuz nutq madaniyatining muhim belgilaridan biri sanaladi (Jamolxonov, 2005, s. 69, 125, 131).

B ̴ m Səs Dəyişməsi

Samit səslər təsnif edilərkən küyün yaranma yerinə görə prinsipinə əsasən hansı danışıq üzvlərinin (dil, dodaqlar və dişlər) fəal iştirakına görə qruplaşdırılır. Bu bölgüyə əsasən b, p, m səsləri qoşadodaq samitləri hesab edilir. Belə ki, “bu samitlərin yaranmasında dodaqlar fəal iştirak edərək qoşalaşır,alt dodaq üst dodaqla birləşərək birdən açılır. Nəticədə qoşadodaq samitlər yaranır” (Xəlilov, 2013, b, s. 91). Bu səslər bəzən bir-birini əvəz edə bilir, tələffüz edilərkən bir-birinin yerinə deyilir. “Azərbaycan dialektologiyası” kitabında göstərilmişdir ki, şivələrdə işarə əvəzlikləri fərqli şəkillərdə qeyri-bərabər kəmiyyətdə yayılmışdır. Bu işarə əvəzliyi hallanarkən adlıq haldan başqa, digər hallarda b ̴ m dəyişməsi baş verir: munun, muna, munı, munda, munnan. Şivələrin əksəriyyətində bu əvəzliyinin cəm formasında ilk samit dəyişməz qalır (buların). Qazax şivəsində isə b ̴ m dəyişməsi saxlanılır. Məs.: munnarıŋ, munnara, munnarı, munnarda, munnardan (Məmmədli, 2019, s. 216). Hələ XI əsrdə Mahmud Kaşğari türk ləhcələrini müqayisə edərkən b ̴ m səs əvəzlənməsindən bəhs etmişdir: “Sözün əvvəlindəki m hərfini suvarlar, oğuzlar, qıpçaqlar b hərfi ilə əvəz edirlər. Türklər “mən bardum”, suvarlar, qıpçaqlar və oğuzlar isə “bən bardum” deyirlər” və s. (Kaşğari, 2006, s. 105).

Fərhad Zeynalov türk dilləri ailəsi mənzərəsində eyni leksemlərin əvvəlində özünü göstərən b ̴ m səs paralelliyini belə izah etmişdir: “Qədim türk dilləri üçün söz əvvəlində b samitinin işlənməsi səciyyəvi olmamışdır. B samiti p samitinin cingiltililəşməsi nəticəsində meydana çıxmış, daha çox oğuz qrupu dillərində söz əvvəlində sabitləşmişdir (baba, balta, boş, burun və s.). Söz əvvəlində b samiti digər müasir türk dillərində də müşahidə olunur (karluq-uyğur qrupu, uyğur-oğuz qrupu və s.). b samitinin bir çox hallarda m samitinə keçməsi də müşahidə olunur ki, bu, türk dillərində çox-çox qədimlərdən başlayaraq gələn bir prosesdir. Məs.: bu-mu, bunu-muni, bunca-munca, bunda-munda, buna-muna, bin-min, ben-mən va s. Bu özünü qıpçaq qrupu dillərinda daha qabarıq şəkildə göstərir. Məs.: bayram-mayram, buz-muz, boyun-moyın va s. (Zeynalov, 2008, s. 32-33).

Özbək dilində də Azərbaycan ədəbi dili ilə müqayisələr apararkən şivələrdə olduğu kimi, b ̴ m səs əvəzlənməsini izləyə bilirik. Azərbaycan dilində buz (suyun donmuş halı) şəklində özünü göstərən söz özbək dilində muz şəklində istifadə edilir. Bu sözdən muzlamoқ (donmaq, buzlamaq), muzlatiş, muzқaymoқ (dondurma) sözləri yaranmışdır. Həmçinin, Azərbaycan dilində pişik (heyvan) kimi işlədilən sözün özbək dilində muşuk [müşük] şəklində istifadə edildiyini görürük. Digər türk dillərinin materiallarına nəzər yetirdikdə eyni mövqelərdə, əsasən sözlırin əvvəlində b ̴ m səslərinin paralelliyi müşahidə edirik. Azərbaycan dilində birinci şəxsin təkini ifadə edən mən əvəzliyi türk dilində ben şəklində, özbək dilində men formasında işlədilir. Başqa bir sözdə isə başqa bir mənzərəni görürük. Belə ki, Azərbaycan dilində bənövşə (çiçək) kimi işlənən söz türk dilində menekşe, özbək dilində isə binafşa kimi istifadə edilir (Berdak, 1993, s. 109, 263,267, 271). Dədə qorqud

Y ̴ g Səs Dəyişməsi

Y ̴ g keçidi şimal-şərq şivələrində geniş yayılmışdır. Bu hadisə intervokal mövqedə və ya saitlə sonor səslər arasında meydana çıxır: ignə, dügi, dügün (B., Qb.), gögərçin, əgilməg, dügə (Yar.) və s. Söz ortasında g və y səslərinin işlənməsinə görə şivələr üç qrupa bölünür: 1) şimal-şərq şivələrində söz ortasında g səsinə; 2) qərb şivələrində y səsinə; 3)cənub və şimal-qərb şivələrində həm g, həm də y səsləri üstünlük təşkil edir (Məmmədli, 2019: 74).Özbək dilində iynə sözü ignä (iqna yazılır) kimi, niyə sual əvəzliyi negä (neqa yazılır) kimi deyilir (Berdak, 1993, s. 233, 275).

Qalınlaşma

Azərbaycan dilini türk və türkmən dillərindən fərqləndirən bir cəhət həmin dillərin qalınlaşmaya, Azərbaycan dilinin isə incələşməyə meyilli olmasıdır. Alınma sözlər həmin dillərdə daha çox qalınlıq ahənginə, Azərbaycan dilində isə incəlik ahənginə tabe olur (Əzizov, 2016, s. 7, 123). Azərbaycan ədəbi dilindən fərqli olaraq şivələrində qalınlaşma hadisəsi qorunub saxlanılmışdır. Azərbaycan dili şivələrinin səs sistemində qalınlaşma hadisəsi müşahidə edilir. Bu hadisə xüsusilə də qədimdən türkdilli tayfaların daha çox məskunlaşdığı qərb regionu üçün xarakterikdir, amma digər şivələrdə də (şimal-şərq şivələri, cənub şivələri) müşahidə edilməkdədir. Bu xüsusiyyətinə görə Azərbaycan dili şivələri ədəbi dildən fərqli olaraq, türk dilləri ailəsinin həm oğuz, həm də digər qruplarında olan dillər ilə yaxından səsləşməkdədir. Məs.: -Qardaşı Bəhlul Danandanın padcah oluf; -Keçal padşah diyənnəri hazır iliyir və padşah qızîn ona verir; -O da deif ki, elə bildim ki, səniŋ qısasını mənnən alajaxlar və s.

Azərbaycan ədəbi dili ilə müqayisədə özbək dilində Azərbaycan dilinin şivələrində olduğu kimi qalınlaşma hadisəsinin geniş şəkildə yayıldığını müşahidə edirik. Məs.: -Fikr til orқali ifodalansa ҳam, şaklan ular ûzaro farklanadi. Şuninq uçun ҳam mantiқiy kateqoriyalar bilan qrammatik kateqoriyalar bir-biriqa tenq bûlmaydi (Abduraҳmonov, 1996, s. 7); -Ûzbek marosim folklori materialları ҳam ûziniq barқaror ҳamda ananaviy xarakteri bilan ajralib turadi. Bu soҳadaqi mavjud materiallar mavsumiy va onlaviy-maişiy marosimlar folklori janrlarini ûz içiqa oladi (Sarimsoқov, 1986, s. 3).

Səsartımı Hadisəsi

Azərbaycan dilində səsartımı fonetik hadisəsi müşahidə olunur. Bu proses dilin şifahi formasında baş verir (ayilə, zəyif, radiyo, tiyatır və s.), ancaq dildə sabitləşən imla qaydalarına, normalara uyğun olaraq yazılı nitqə sirayət etmir (ailə, zəif, radio, teatr və s.). Proteza (səsartımı) hadisəsini əsasən dilimizə başqa dillərdən keşmiş alınma sözlərdə müşahidə edirik. Çünki belə heca formaları türk dilləri üçün xarakterik deyildir (sait+sait, samit+samit+sait), o səbəbdən də alınma sözlərin tələffüzü zamanı dilin tələblərinə uyğun olaraq sait səslər əlavə edilir. Fərhad Zeynalov bu barədə yazmışdır: “Xalis türk mənşəli kök sözlər tarixən üç fonemdən-samit+sait+samit səslər kompleksindən ibarət olmuşdur. Kök sözlərin iki fonemdən (sait+samit) ibarət olması fikri də müdafiə olunur. Orxon-Yenisey abidələrində iki fonemli sözlər çox azdır (çox ehtimal ki, burada da səsdüşümü hadisəsi baş vermişdir). İndi türk dillərində özünü göstərn bir (o) və iki (it, ot, ol, et, ət) fonemdən ibarət olan kök sözlərdə samitlərin düşdüyü dil tarixi faktları ilə asanlıqla sübut oluna bilir. Məs.: bol, yit, yot, yet və s.” (Zeynalov, 2008, s. 68).

Azərbaycan dili şivələrində səsartımı fonetik hadisəsi özünəməxsus bir şəkildə baş verir. Məmmədağa Şirəliyev aşağıdakı kimi qruplaşdırmışdır: söz əvvəlində saitlərin artımı əsasən alınma sözlərə aid olub, iki vəziyyətdə özünü göstərir:

1) Söz əvvəlində st, sk, sp, şk, ş (ispirt, istəkan, işkaf, isdol//istol// issol və s.) səslərindən əvvəl;

2) Söz əvvəlində r (irazı, irahat, irezin, urus,uruşqa və s.) və bəzən l (ilanpa və s.) səslərindən əvvəl (Şirəliyev, 2008: 64-65).

Özbək dilində səsartımı fonetik hadisəsi alınma sözlərdə müşahidə olunur. “Müasir özbək ədəbi dili” kitabında verilmişdir: “Proteza-söz əvvəlində səs artımıdır:

a) rus ̴ o’ris, ro’za ̴ o’ raza, ro’mol ̴ o’ ramol və s. kimi sözlərdə baş verir. Məlumdur ki, qədim türk dilində sonor “r” səsi ilə söz başlamır, demək ki, bu hal başqa dillərdən alınan sözlərin əvvəlində müşahidə edilir və səsartımı hadisəsi ilə alınma sözlərin fonetik tərkibi türk dillərinin tələblərinə uyğunlaşdırılır;

b) shkaf ̴ ishkop, stakan ̴ istakan və s. kimi sözlərdə baş verir. Türk dillərində söz əvvəlində söz əvvəlində samitlər yanaşı gəlmir, bu hal nümunələrdə göstərildiyi kimi rus dilindən alınan sözlərdə izlənilir və türk dillərinin tələblərinə uyğunlaşdırmaq üçün tələffüz zamanı bu tipli sözlərin əvvəlinə sait səs artırılır” (Jamolxonov, 2005, s. 74-75);

Leksik Xüsusiyyətlər

Azərbaycan dilinin dialekt leksikası olduqca zəngin və rəngarəngdir. Burada hər bir bölgəyə uyğun olaraq əhalinin məşğuliyyətinə, həyat tərzinə, adət və ənənələrinə və s. məxsus sözlər öz əksini tapmışdır. Azərbaycan dilinin dialekt leksikası həm ümumi olaraq, həm də ayrıca bir sahə kimi tədqiqata cəlb edilmiş, digər qohum türk dilləri və onların dialektləri ilə müqayisəyə cəlb edilmişdir (İbrahim Bayramov,Zabitə Teymurlu, İlham Tahirov, Sevinc Qəmbərova və b.).Bugünkü türk xalqlarının ədəbi dillərini və ya dialektlərini və eyni zamanda onların tarixi-etnik-genetik köklərinin dərindən öyrənilməsində saysız-hesabsız leksik vahidlər də mühüm rola malikdirlər və ümumtürk dillərinin leksik bazasına söykənməklə qohum dillərin dialekt və şivələrində müşahidə olunan inteqrasiya hallarını üzə çıxarmaq mümkündür (Hüseynova, 2020, s. 484).Dialekt leksikasında alınma sözlərə rast gəlinsə də, əsasən qədim türk leksikası muhafizə edilmişdir. Türk dilləri ailəsinin oğuz qrupuna daxil olan digər türk dilləri ilə (türk, türkmən, qaqauz) Azərbaycan dili şivələri arasında xeyli ortaq sözlər vardır. Həmin sözlər Azərbaycan ədəbi dilində işləkliyini itirmi, lakin şivələrdə işlədilməkdədir. Eyni halı özbək dili ilə də müşahidə etdik, belə ki müəyyən ifadələr var ki, Azərbaycan dilinin passiv fonduna daxildir və ancaq müəyyən məhdud ərazilərdə işlədilir, özbək dilində isə aktiv fonda daxildir və ümumişlək söz hesab edilir. Buna nümunə olaraq aşağıdakı sözləri göstərə bilərik:

Ağırramax

(Cəbrayıl, Göygöl, Şəmkir)-hörmətlə qəbul etmək (qonağı). Məs.: -Məsələn, sən qonax gəleysiŋ, soŋra gedif deysiŋ kin, məni yaxşı ağırradılar (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 14). Özbək dilində eyni mənada istifadə edilən oğırlomoқ sözü müşahidə edilir (Berdak, 1993, s. 10). Kaşğarinin lüğətində “əziz, möhtərəm” mənasını ifadə edən ağır sözü qeydə alınmışdır: “ağırlığ kişi-xalq və ya bəy tərəfindən ağırlanan, yəni əziz tutulan adam; tənqri məni ağırladı-tanrı məni əziz tutdu”. Lüğətdə ağırlığ “əziz, hörmətli, hər kəs tərəfindən sayılan, ağırlanan, əzizlənən adam” leksemi də verilmişdir (Kaşğari, 2006, s. 126, 202). Bu ifadə “Oğuznamə”nin dilində istifadə edilmişdir: Ağırlayanı ağırlarlar (Oğuznamə, 2006, s. 42). “Dədə Qorqud kitabı”nda bu sözə rast gəlinir: -Ozan, eviŋ tayağı oldır ki, yazıdan-yabandan evə bir qonaq gəlsə, ər adam evdə olmasa, ol anı yedirər-içirər, ağırlar-əzizlər, göndərər; -Üç gün təmam ağırladı və s. (Kitabi-Dədə Qorqud, 1988, s. 33, 104).

Bayramnıx

(Ağdam, Bərdə, Füzuli, Tərtər)-bayram münasibətilə qız evinə göndərilən pay, bayram hədiyyəsi. Məs.: -Nişannısına bayramnıx göndərdi Əli (Bərdə) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 44). Özbək dilində “bayram münasibəti ilə yaxın insanlara verilən töhfə, bayram sovqatı” bayramlık sözü işlədilir. Məs.: -Keliningizga man buni [krepdeshinni] oldim, sizga uch-t’ort bayramlikni bir qilib olib kelaman. O’. Umarbekov, Ona (O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi.J.I.A–D., 2023, s. 325).

Bijəltəx’, bijəndər

(Şuşa, Qazax)-kələkbaz, bic, hiyləgər. Məs.: -Çox bijəltəx’ gədədi bizim bu Məhi, heş allatmax olmur onu (Şuşa); -Belə bijəndər adam olmaz (Qazax) və s. Gəncə, Şuşa şivələrində bu sözdən əmələ gəlib “kələkbazlıq, biclik, hiyləgərlik” mənasını ifadə edən bijəndərrix’, bijəltəx’lix’ sözləri də istifadə edilir. Məs.: -Bijəndərrix’də onun qavağına çıxan olmaz (Gəncə); -Bijəltəx’lix’də hamını ötüf keşmisən (Şuşa) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 55).

Özbək dilində “heç kimə imkan verməyən, çoxdanışan” bijildoq sözü işlədilir. Məs.: -Bijildoq xotin.-Ayvonida bu xonadonning bijildoq bekasi. Oybek, Navoiy. Həmçinin, bu sözdən əmələ gələn bijildoqlik (heç kimə danışmağa imkan verməmək, kobudluq etmək) sözü də özbək dilinin lüğət tərkibinə daxildir. Məs.: -O’z bijildoqligi bilan kolxozda “Qumri qaqildoq” deb nom chiqargan ayol. A. Mirahmedov, O’tyuraklar (O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi.J.I.A–D., 2023, s. 449).

Cəviz

(Ağcabədi, Cəbrayıl, Culfa, Laçın, Naxçıvan, Ordubad, Şərur, Zəngilan)-qoz. Məs.: - Cəviz meşələrdə çox çoxdu (Zəngilan); -Cəviz bu kətdə çox olur və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 74). Bu söz özbək dilində geniş şəkildə izlənilən c ̴ j hadisəsinə uyğun olaraq jeviz şəklində istifadə edilir (Berdak, 1993, s. 27).

Çamır

(Goranboy, Qazax, Şahbuz, Şəmkir, Tovuz, Yevlax)-palçıq. Məs.: -Su çamır kimi gəler, çay qoymağ olmaz (Tovuz); -Getdim gördüm at batıb çamıra, çıxa bilmir (Şahbuz) (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 89). Özbək dilində bu sözün çomur formasında işlədildiyini görürük (Berdak, 1993, s. 29). “Oğuznamə”də bu sözə rast gəlinir: Köti cəmri//çamırı bay olmaz (Oğuznamə, 2006, s. 152).

Çim

(Ağcabədi, Bakı, Daşkəsən, Goranboy, Xanlar, Kürdəmir, Qazax)-tamam, tamamilə. Məs.: -Xüreg lap çim yağdu (bakı); Məs.: -Ət çox yağlı olanda de:rix’ çim yağdı (Goranboy) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 102). Özbək dilində chim sözü var ki, “ot, yaşıllıq” mənasını bildirir. Chim bosmoq isə yaşıllaşdırmaq, bitki əkmək deməkdir. Məs.: - Biz uchun ko‘kаrаr do‘ngliklаrdа chim, Biz uchun yashaydi ko‘kdа yulduzlаr. “Yoshlik” (O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi. J. VI, 2023, s. 778). Kaşğarinin lüğətində çim vahidinin qədim türk dilində iki mənada işlədildiyi göstərilmişdir: 1.Bir şeyin çiy və ya yaş olmasını vurğulamaq üçün işlənir: çim yik ət-çim çiy ət, çim öl ton-çim yaş paltar; 2.Ayrıq otu. Yerdən yarıköklü şəkildə biçilib yığılır, qurudulduqdan sonra od qalamaq üçün çırpı işlənir: çim bıçtı-ayrıq otu biçdi, yığdı (Kaşğari, 2006, s. 349).

Çin

(Ağcabədi, Ağdaş, Bakı, Bərdə, Cəbrayıl, Göyçay, Lənkəran, Tərtər, Zərdab)-düz, doğru. Məs.: -Yuxum çin çıxdı (Cəbrayıl); Məs.: -Nənəmin yuxusu çin oldu (Zərdab) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 102). Özbək dilində chin şəklində yazılır və “həqiqi, həqiqətən, doğru, düzgün, real vəziyyət, hadisə və s.” mənalarında işlədilir. Məs.: -Оtаmning yo‘qdir tаyini, Mеn аytаy gаpning chinini. “Nurаli”. Shu оndа хаvоtiri chingа аylаndi. “Sharq yulduzi” (O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi. J. VI, 2023: 780). Kaşğarinin lüğətində bu vahid çın “doğru, çin, səhih” kimi göstərilmişdir: Çın sözlər-o, doğru deyir; Çın aydınq-düz dedin (Kaşğari, 2006, s. 350).

Dam

(Borçalı, Cəbrayıl, Gədəbəy, İmişli, Kürdəmir, Qazax)-1.qazma (Borçalı). Məs.: -Keşmişdə qışda kətdilər damda olardı; 2.hər cür tikili, bina (Cəbrayıl, İmişli,Kürdəmir). Məs.: -Dam deyərük daş əvə, kərpic əvə (İmişli); -Bizdə bişir-düşüri damda eliyəllər (Kürdəmir) və s. Dam sözü Azərbaycan dilinin digər şivələrində başqa mənalarda istifadə edilir: 1.tavan (Kürdəmir, Quba, Ordubad); 2.tövlə (Gəncə,Göyçay, Karvansaray, Kürdəmir, Qazax, Sabirabad, Salyan, Şəki, Şəmkir, Şuşa, Tərtər). Məs.: -Evin damı qurtarmıyıb (Ordubad); -Heyvannarı dama doldırdım (Şuşa) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 113). “Dədə Qorqud kitabı”nın dilində tam şəklində istifadə edilir: -Gördi kim, oğrı köpək, yekə tana evini bir-birinə qatmış-tauq komasına, sığır tamına dönmüş; -Bənciləyin qarusından ağ əllərin bağladuban toŋuz tamında yaturmı olur? (Kitabi-Dədə Qorqud, 1988, s. 33, 114).

Dam sözü özbək dilində a>o səs əvəzlənməsinə uğrayaraq dom şəklində və bir çox mənalarda işlədilir. Məs.: -Binobarin, har bir domdan oqilona foydalanish zarur etdi. S. Karomatov, Oltin qum (O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi.J.I.A–D., 2023, s. 894).

Damad

(Quba)-kürəkən. Məs.: -Cəfərin damadı naxuşdu və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 113). Özbək dilində bu söz Azərbaycan dili şivələri və digər türk dillərindən fərqli olraq (türk, türkmən, qaqauz və s.) bu dilə xarakterik olan a ̴ o səs əvəzlənməsinə uğrayaraq domot şəklində istifadə edilir (Berdak, 1993, s. 35).

Davar

(Təbriz)-qoyun. Məs.: -Bizim davarrarı qoymırdıla orda otdası (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s.120). Azərbaycan dilinin qərb şivələrində bu söz “kiçik buynuzlu heyvan” mənasında istifadə edilir. Özbək dilində eyni mənada dovor şəklində işlədildiyini görürük (Berdak, 1993, s. 35). Kaşğarinin lüğətində tawar “mal, əşya”, tawarlığ (tawarlığ ər-malı olan adam), tawarluk “mal qoyulan yer” sözləri öz əksini tapmışdır (Kaşğari, 2006, s. 409, 474, 480). “Oğuznamə” də bu söz tavar, tovar şəklində verilmişdir: Tovarın yavuqlandığı vaqt bölüşdüyün kişiyə sor; Tavar ilə issi arasına girə gör, sonı qolay olur; Məlik,-dəgirmən, tavar,-qouun, devlət,-oğul (Oğuznamə, 2006, s. 120, 121, 164).

Davarcığ

(Ordubad)-dağarcıq, torba. Azərbaycan dilinin Ağbaba şivəsində davarçın formasında işlədilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 120). Kaşğarinin lüğətində “içinə buğda və başqa şeylər qoyulan nəsnə, dağarcıq, kisə, çuval, xaral” mənasını ifadə edən tağar sözü qeydə alınmışdır (Kaşğari, 2006, s. 409). “Dədə-Qorqud kitabı”nda tağarcığ sözü istifadə edilmişdir: -Çoban tağarcığı çıqardı və s. (Kitabi-Dədə Qorqud, 1988, s. 46). Özbək dilində bu söz doğorjıқ şəklində işlədilərək eyni mənanı ifadə edir (Berdak, 1993, s. 34).

Eşix’

(Böyük Qarakilsə, Çənbərək, Naxçıvan, Öğuz, Tovuz, Zaqatala)- həyət. Məs.: -Gedirix’ qonşunun eşiyində bir isdikən çay içirix’ (Oğuz); - Eşix’də bir sö:üx var kı, gəl görəsən (Tovuz) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 151). Özbək dilində bu ifadə eshik şəklində yazılır və “ev, bina, xanədan, çöl, bayır, müəyyən bir obyektin açılıb bağlanan, girilib çıxılan hissəsi (otaq, təyyarə, qəfəs, saat və s.) mənasını ifadə edir. Məs.: -Mehman kelar eshikdan, Rizqi kelar teshikdan.Maqol; - Bu o‘rtаdа sоаt eshigi оchilib, kаkku qush chiqdi-dа:“Kаkku! Kаkku!”, dеb yanа kirib kеtdi.U.Ismоilоv,Sаylаnmа; - Eshigimdа judа ko‘p оdаmlаr ishlаgаn. Оybеk, Tаnlаngаn аsаrlаr (O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi.J.II.E–K, 2023, s. 83). Eşik leksemi “Oğuznamə”də işlədilmişdir: İş işləməyəyim deyirsən, eşikdə ol (Oğuznamə, 2006: 37). “Dədə-Qorqud kitabı”nda bu söz eşik, eşig şəklində istifadə edilmişdir: -Eşikdəki inaqlar! -Qapu eşigi üzərindən arqurı qomışlardı ki, bu məhəldə xan Qazan yetdi və s. (Kitabi-Dədə Qorqud, 1988, s. 63, 74).

Eşmax

(Qax)-qazmaq. Məs.: -Yolun qırağını eşip salıllar, sel gələndə hordan əxsin (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s.152). Özbək dilində “çevirərək bükərək bişirmək, qarışdırmaq, əyirmək və s.” mənaları ifadə edən eshmoq sözü işlədilir. Eshkak eshmoq “sıra, növbə çəkmək” ifadəsinə də rast gəlinir. Məs.: -Hayotxon bechora ip eshib, marvaridlarni terishga o’tirdi. M.İsmoiliy, Farg’ona; -Labi cho’chchaygan kichkinagina sanitar qiz eshkak eshardi. A.Muxtor, Davr mening taqdirimda (O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi.J.II.E–K, 2023, s.85-86).

Əfci

(Basarkeçər, Borçalı, Gədəbəy, Hamamlı, Xocavənd, Qazax, Tovuz, Mingəçevir)-qadın işinə qarışan kişi; xırdaçı, çürükçü; xəbərçi, sözgəzdirən. Məs.: -Qadınnarın işinə qarışan kişiyə əfci de:rix’ (Basarkeçər); -Yaman əfcisən ha (Qazax). Çənbərək, Gədəbəy, Qazax şivələrində bu sözdə yaranıb “boş-boş, mənasız danışmaq” mənasını ifadə edən əfci-əfci: əfci-əfci danışmax ifadəsi istifadə edilir. Məs.: -Əfci-əfci danışma, yaxşı danış (Gədəbəy) (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s.155). Özbək dilində lof “yalan, boş sözlər”, lofçi “yersiz danışan” sözləri qeydə alınmışdır (Berdak, 1993, s. 255).

Qazdanməg

(Yardımlı)-lovğalanmaq, özünü üstün tutmaq. Məs.: -Nə qazdaneysən, yanındəkiləri nə sayeysən və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 289). Həmçinin ümumxalq dilində qazdamax “aldatmaq, kələk gəlmək” ifadəsi də işlədilir. Özbək dilində gazlamoq, gazlashmoq sözləri vardır ki, “hər hansı mayeni qazla doyurmaq, mayeyə qaz vermək; qaz ilə təmin edilmək” mənalarını bildirir (O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi.J.II.E–K, 2023, s. 203-204).

Mayıf

(Ağdaş, Cəbrayıl, Cəlilabad, Culfa, Dəvəçi, Füzuli, Gədəbəy, Qax, Qarakilsə, Qazax, Laçın, Lənkəran, Masallı, Salyan, Şəki, Şəmkir, Tovuz, Yardımlı, Zəngilan)-şikəst. Məs.: -Qızın bi gözi mayıfdı (Lənkəran); -Mayıf adamam, işə yaramıram (Şəki) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 347). Özbək dilində mayıb şəklində yazılaraq eyni mənanı ifadə edən ifadə istifadə edilir (Berdak, 1993, s. 257).

Nay

(Bərdə, Gəncə, Göyçay, Qazax, Şəmkir)-məzəli, zarafatcıl.Məs.: -Nay yoldaşın yanında adam qojalmaz (Gəncə) və s. Bu söz Qazax şivəsində “uzun < adam>”, Cəlilabad, Göyçay, Şamaxı şivələrində “qarmon”, Cəlilabad, Şamaxı şivələrində “qaval”, Gədəbəy şivəsində “key, gec başa düşən” mənalarında işlədilir. Şəmkir, Tərtər şivələrində “hoqqabazlıq, oyunbazlıq” mənalarını bildirən naylıx, Göyçay şivəsində “boş-boş” mənasında işlədilən nay-nay ifadələri qeydə alınmışdır (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 370).

Özbək dilində nay leksemi bir mənalarda istifadə edilir: 1) uzun, içi deşik boru. Məs.: Shisha nay. Qamish nay və s. 2) hər hansı alətin, qəlyanın uc hissəsi. Məs.: - Mulla chilimning nayini labiga bir tegizgandan keyin uni Hayit amin tоmоniga burib... bir jilmaydi. S. Ayniy, Qullar; 3) Nəfəs ilə ifa olunan deşikli musiqi aləti. Məs.: -Uning ketidan biri nay, biri tanbur, biri dutоr ko‘targan uch yigit kirdi. A.Qahhоr, Qanоtsiz chittak. (O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi.J.III. L–P, 2022, s. 353).

Naxoş

-xəstə. Qərbi Azərbaycan şivələrində (indiki Ermənistan Respublikasının ərazisi) naxoş sözü geniş şəkildə işlədilir. Bu sözdən yaranan naxoşdamax “xəstələnmək” feili də istifadə edilir. Məs.: -O gün sizdən gələnnən so:ra yaman naxoşdamışam; -Uşax naxoşdu və s. Özbək dilində “naxoş, dadsız, sevimsiz” mənalarını ifadə edən noxuş [naxuş] sözü istifadə edilir (Berdak, 1993, s. 278).

Səmiz

(Dərbənd)-kök (ən çox mala aid edilir). Məs.: -Gəncəli həmişə mala yəxşi baxadu, həmi malları səmizdü (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 427). ). Həmin vahid “Dədə Qorqud kitabı”nda simüz şəklində işlədilmişdir. Məs.: -Simüz qoyun, arıq toqlı səniŋ qapuŋdan kafərlərə vermədim və s. (Kitabi-Dədə Qorqud, 1988, s.46). “Oğuznamə”nin dilində bu vahid semiz şəklində işlədilmişdir. Məs.: -Çün yoldaşın semiz sevməz, sən gir yüyir qarasına, Sonra semiz sana qalur, kimsə girməz arasına (Oğuznamə, 2006, s. 85).

Səmiz Kaşğarinin lüğətində “kök, kökəlmiş heyvan” mənasını ifadə eliyən söz kimi qeydə alınmışdır. Lüğətdə bu sözdən yaranan səmizlik “köklük” ifadəsi də verilmişdir (Kaşğari, I cild, 2006, s. 370, 483). Özbək dilində semiz şəklində işlədilərək “şişman” mənasını ifadə edir (Berdak, 1993, s. 304).

Sığır

(Ağdam, Cəbrayıl, Göyçay, İsmayıllı, Qafan, Qax, Qarakilsə, Şuşa, Şəki)-inək, naxır. Məs.: -Həmid kişinin malı çoxsa da, hamısı sığırdi (İsmayıllı); -Sığır gələn vədədə ona iras gəldim (Qarakilsə) (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 432). Kaşğarinin lüğətində sığır sözünün qədim türk dilində iki mənada işlədildiyi göstərilmişdir: 1. Xanların xalqla bərabər keçirdikləri ov. Xanın adamları meşəyə və çöllərə yayılır, vəhşi heyvanları qabaqlarına qataraq xanın olduğu yerə sürürlər. Xan isə yorulmadan durduğu yerdən önünə çıxan heyvanları ovlayır. Buna sürək ovu deyilir; 2. Suw sığırı. Lüğətdə sığırlığ ifadəsi də öz əksini tapmışdır: Sığırlığ ər-sığır sahibi (Kaşğari, 2006, s. 369).

“Oğuznamə”də bu sözə rast gəlinir: Sağır sığırdır (Oğuznamə, 2006, s. 116, 474). “Dədə Qorqud kitabı”nın dilində sığır leksemi istifadə edilir: -Gördi kim, oğrı köpək, yekə tana evini bir-birinə qatmış-tauq komasına, sığır tamına dönmüş (Kitabi-Dədə Qorqud, 1988, s. 33). Sığır sözünə “Kitabi-Dədə Qorqud” dastanında “mal otaran” mənasında işlənən sığırtmaç sözündə də rast gəlinir: Məgər bir sığırtmacları vardı (Bayramov, 2022, s.391). Özbək dilində “inək, sığır” mənasında siqir [sigir] vahidi istifadə edilir (Berdak, 1993, s. 304).

Kəl

(Şəki)-keçəl. Bu sözdən kəl olmax “keçəl olmaq” ifadəsi yaranmışdır. Məs.: -Başına yara düşüf kəl o:ltdı (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 246). Özbək dilində kal şəklində yazılaraq eyni mənanı ifadə edir (Berdak, 1993, s. 242).

Kəndi

(Basarkeçər, Şəki, Qazax)-öz. Dərbənd şivəsində bu vahid kəndü şəklində işlədilir. Məs.: -Qalxuzda günümüzə u qədər buğda düşeydi ki, kəndülərimüzdə yər yux, əvü bir küncində tükeydüg (Dərbənd) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 249). Kaşğarinin lüğətində kəndü şəklində verilərək “özü, zat, nəfs” mənasını ifadə etdiyi göstərilmişdir: ol kəndü aydı-o özü dedi (Kaşğari, 2006, s. 416).

“Oğuznamə”yə daxil olan hikmətli sözlərin tərkibində də kəndü əvəzliyi bir neçə dəfə istifadə edilmişdir: Kəndü düşən ağlamaza ağlamaq degil, amma gözi də çıqar; Hər kişiyə kəndü şəhəri yeg gəlür Bağdaddan (Oğuznamə, 2006, s. 156, 170). “Dədə Qorqud kitabı”nın dilində bu əvəzliyə rast gəlinir: -Qızla kəndü arasına bıraqdı (Kitabi-Dədə Qorqud, 1988, s. 112). Özbək dilində kendi “öz” şəklində işlədilir (Berdak, 1993, s. 92).

Küz

(Borçalı, İmişli, Qax, Ordubad)-payız. Məs.: -Qoyunu yaz otar, yaz otarmadın duz otar, duz otarmadın küz otar (İmişli); -Taxıl səfdiŋ küzdə sula, küzdə sulamadıŋ buzda sula (Borçalı) və s. Azərbaycan dili şivələrində küz sözünün işlənmə arealı çox genişdir və müxtəlif mənalar ifadə edir: 1.quzu saxlanılan üstüörtülü yer; 2.əkin sahəsində kiçik arx; 3.xışın və ya kotanın açdığı şırımla müəyyən hissələrə bölünmüş əkin sahəsi və s. Eyni zamanda bu vahid söz yaradıcılığında da fəal istifadə edilir: küzdəx’ (Qazax) “payız otlağı”; küzdüx’ (Füzuli) “payızlıq”; küzəm (Bakı, Füzuli, Kürdəmir, Sabirabad) “payızda qırxılan yun”(Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 271).

Özbək dilində eyni mənanı ifadə edərək quz şəklində yazılır (Berdak, 1993, s. 62). Kaşğarinin lüğətində küz “payız fəsli, sonbahar” vahidi qeydə alınmışdır (Kaşğari, 2006, s. 341). “Dədə Qorqud kitabı”nda bu söz güz şəklində işlədilmişdir: -Bir yazın, bir güzin buğayla buğrayı savaşdırarlardı; -Güz alması kibi al yanağını tartdı, yırtdı və s. (Kitabi-Dədə Qorqud, 1988, s.33, 58).

Yengilməx’

(Axalsxi)-məğlub olmaq. Məs.: -Düşmannar bizimnən davada yengildi (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 548). “Oğuznamə” də bu ifadə istifadə edilmişdir: Yenilən oyuna toymaz (Oğuznamə, 2006, s. 183). Özbək dilində yengilmoқ şəklində yazılaraq “uduzmaq, məğlub olmaq” mənasını ifadə edir (Berdak, 1993, s. 224).

İn

(Culfa, Naxçıvan, Ordubad, Şərur, Zəngilan)-hin. Azərbaycan dili şivələrində in ifadəsi başqa mənalarda da istifadə edilir: 1.qoxu, iy (Quba); 2.səs (Göyçay). Məs.: -Üzərrigi yandıraduğ, yaxşı in verədü (Quba); -Mənim inim ona çətin çatar (Göyçay) və s. Eyni zamanda in vahidi bəzi şivələrdə (Ağcabədi, Balakən, Bərdə, Tərtər) qədim ŋ səsi ilə də tələffüz edilir. Məs.: -To:ladan pis iŋ gəlir (Tərtər) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 234). Müasir Azərbaycan ədəbi dilində işlənən inləmək sözünün tərkibindəki “in” də ün sözünün qədim variant olmaqla səs mənasını bildirir (Bayramov, 2022, s. 393).

Özbək dilində in sözü “yuva, səs” mənalarında istifadə edilir (Berdak, 1993, s. 235). Kaşğarinin lüğətində ün “səs” sözü qeydə alınmışdır (Kaşğari, 2006, s. 112). “Dədə-Qorqud kitabı”nda ün sözü istifadə edilmişdir: -Ünim aŋlaŋ bəglər, sözüm dinləŋ, bəglər! və s. (Kitabi-Dədə Qorqud, 1988, s. 42). “Oğuznamə”də in, ün şəklində işlədilmişdir: İn dinlən, bin dinlən; Köpək üni gögə çıqmaz (Oğuznamə, 2006, s. 51, 152).

İni

(Balakən, Qax, Şəki, Zaqatala)-qayın, arvadın ərinin qardaşı. Məs.: -Zəhranın inisinin toyunda Bakidən gəlmişdi oxiyən (Şəki); -Qelin di: ki, menin inisi sizə qelipbi? (Qax) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 234). Kaşğarinin lüğətində ini sözü “yaşca kiçik qardaş” mənasında verilmişdir (Kaşğari, 2006, s. 156). Özbək dilində də ini sözü “kiçik qardaş” mənasında işlədilir (Berdak, 1993, s. 236).

İra

–uzaq. Bu söz Azərbaycan ədəbi dilində işləklikdən çıxmışdır. Müəyyən deyimlər vardır ki, onların tərkibində qorunub saxlanılmışdır. Məs.: -Gözdən uzaq, könüldən irağ; -İrağ olsun. Özbək dilində bu vahidin qarşısında y samiti mühafizə edilərək yiraq şəklində işlədilməkdədir (Berdak, 1993, s. 241). “Dədə-Qorqud kitabı”nda irağ sözü istifadə edilmişdir: -Bərə çoban, irağından-yaqınıŋdan bərü gəlgil! və s. (Kitabi-Dədə Qorqud, 1988, s. 43).

İxdiyar

(Şəki, Borçalı)-var-dövlət, qoca. Məs.: -İxdiyarı aşif-daşiydi, heylə varrılar variydi (Şəki); -Qolxozda mala gedirdim, indi də ixdiyaram, işdiyə bilmirəm (Borçalı) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 232). Özbək dilində bu söz ixtiyor şəklində yazılır və “istək, xahiş, ərk” mənalarını ifadə edir. Məs.: -Dastlab kirgan zavodimdan o‘z ixtiyorim bilan kеtganim yo‘q. A.Qahhor, Qanotsiz chittak. Bu sözdən “istəmək, istifadə, sərəncam vermək və ya idarə etmək hüququ və s.”mənalarını ifadə edən ixtiyor etmoq (yoki qilmoq) vahidi yaranmışdır. Məs.: - Ma’lumingiz, kеchalari bo‘sh bo‘laman, shuning bilan birga, otangiz qaysi vaqtni ixtiyor qilsalar, ijobat etishdan o‘zga choram bo‘lmas. A.Qodiriy, O‘tgan kunlar (O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi.J.II.E–K, 2023, s. 571-572).

Uruğ

(Biləsuvar, Göyçay, Qax, Sabirabad)-nəsil. Bakı şivəsində bu sözdən yaranan uruğlu “qohum”, Bakı ilə yanaşı, Qax və Şamaxı şivələrində isə uruğlu-turuğlu “qohum-əqrəbalı” ifadələri də istifadə edilir. Məs.: -Adə, o Memedgil yaman uruğludılar (Bakı) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 519-520). Özbək dilində uruğ sözü iki mənada istifadə edilir: 1.Toxum, dənə; 2.Əqrəba (Berdak, 1993, s. 338).

Sonuç

Azərbaycan dilinin şivələri və özbək dili arasında bir çox ortaq xüsusiyyətlər vardır ki, bu ortaqlığı həm fonetik, həm leksik qatlarda izləyə bilərik. Azərbaycan dilinin şimal-şərq, qərb və cənub ləhcələrinə, həmçinin qarışıq tipli şimal-qərb ləhcəsinə daxil olan şivələrdə olan xüsusiyyətlər özünü türk dilləri ailəsinin karluq-uyğur qrupuna daxil olan özbək dilində ədəbi dil səviyyəsində göstərir. Qohum dillər və onların dialektlərinin, həmçinin bir dilin başqa bir qohum dilin şivələri ilə müqayisəyə cəlb edilməsinə müasir dövrdə tələbat olduğu üçün mövzu xüsusi aktuallıq kəsb edir. Bu keçmiş Sovetlər dönəmində təhrif olunmuş tarixi faktların aşkar edilməsinə, türkoloji, dialektoloji və s. araşdırmaların düzgün nəticələr verməsinə xidmət edir. Həmçinin kökdil, anatürkcə ilə bağlı aparılan tədqiqatlara, türklər üçün ortaq ünsiyyət dilinin reallaşdırılmasına öz töhfəsini verməkdədir. Ümid edirik ki, gələcəkdə də dilçilik sahəsində əldə edilmiş son nailiyyətlərə əsaslanaraq məlumat blokadasının aradan qaldırılması, qloballaşma şəraitinin yaranması və dünya elmində gedən inteqrasiya prosesi nəzərə alınmaqla bu istiqamətdə araşdırmalar aparılacaq və bir-birindən dəyərli, sanballı tədqiqat işləri ortaya qoyulacaqdır.

Kaynakça

Abduraҳmonov Ğ. (1996). Ûzbek tili qrammatikası (Sintaksis). Ûқituvçi.

Ashirboyev, S. (2016). O’zbek dialektologiyası. Navro’z.

Azərbaycan dilinin dialektoloji lüğəti (2007). Şərq-Qərb.

Bayramov, İ. (2022). Azərbaycan dialektologiyası. İksad.

Berdak, Y. (1993). Türkçe-özbekçe ve özbekçe-türkçe sözlük. Uzbekiston.

Əzizov, E. (2016). Azərbaycan dilinin tarixi dialektologiyası: Dialekt sisteminin təşəkkülü və inkişafı. Elm və təhsil.

Xəlilov, B. (2013, a). Türkologiyaya giriş. Bakı Çap Evi.

Xəlilov, B. (2013, b). Müasir Azərbaycan dili: fonetika, yazı, əlifba, qrafika, orfoqrafiya, orfoepiya. Çap Evi.

Hüseynova, M. (2020). Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası. Bakı, ADPU-nun nəşriyyatı.

İbrahimov, E. (2017). Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili. Mütərcim.

Kaşğari, M. (2006). Divanü lüğat-it-türk. C I. Ozan.

Jamolxonov H. (2005). Hozırgı o’zbek adabiy tılı. Talqin

Qemberova, S. (2021). Azərbaycan dilinin şivə xüsusiyyətləri qaqauz dilində. Uluslararası Türk lehçe Araştırmaları Dergisi (TÜRKLAD), 5(1), 77-86.

Məmmədli, M. (2019). Azərbaycan dialektologiyası. Zərdabi Nəşr.

Oğuznamə. (2006). Bakı, “Şərq-Qərb”. Samət Əlizadə.

O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi.J.I.A–D. (2023). Mas’ul muharrirlar А. Маdvaliyev, D. Xudayberganova. Toshkent: G‘afur G‘ulom nomidagi nashriyot-matbaa ijodiy uyi.

O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi.J.II.E–K. (2023). Mas’ul muharrirlar А. Маdvaliyev, D. Xudayberganova. Toshkent: G‘afur G‘ulom nomidagi nashriyot-matbaa ijodiy uyi.

O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi.J.III. L–P. (2022). Mas’ul muharrirlar А. Маdvaliyev, D. Xudayberganova. Toshkent: G‘afur G‘ulom nomidagi nashriyot-matbaa ijodiy uyi.

O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi. J. VI. X–CH. (2023). Mas’ul muharrirlar А. Маdvaliyev, D. Xudayberganova. Toshkent: G‘afur G‘ulom nomidagi nashriyot-matbaa ijodiy uyi.

Rəcəbov Ə. ve Məmmədov Y. (1993). Orxon-Yenisey abidələri. Yazıçı.

Sarimsoқov B. (1986). Ûzbek marosim folklori. Fan.

Səmədova, K. (2018). Şimal-qərb qrupu dialektlərinin fonetikası. ADPU.

Şirəliyev, M. (2008). Azərbaycan dialektologiyasının əsasları. Şərq-Qərb.

Tanrıverdi, Ə. (2006).“Kitabi-Dədə Qorqud” un söz dünyası. Elm və təhsil.

Tahirov, İ. (2004). Dialekt leksikasında alınma sözlər. Nurlan.

Teymurlu, Z. (2020). Azərbaycan dilinin dialekt leksikası. BMU nəşri.

Teymurlu, Z. (2022). Azərbaycan dili və Türkiyə türkcəsi dialektlərində yad dilin izləri. Uluslararası Türk lehçe Araştırmaları Dergisi (TÜRKLAD), 6(2), 383- 390.

Vəliyeva, G. (2013). Qədim türk dili. Elm və təhsil.

Zeynalov, F ve Əlizadə Z. (Haz.). (1988). Kitabi-Dədə Qorqud. Yazıçı.

Zeynalov, F. (2008). Türk dillərinin müqayisəli qrammatikası. MBM.