Giriş
Azərbaycan ədəbi-mədəni həyatında özünəməxsus mövqeyi olan, orijinal dəsti-xətti və şəxsiyyəti ilə seçilən İsmayıl Şıxlı milli mentalitet, vətənin azadlığı, müstəqillik duyğusu ilə yazıb yaratmışdır. (Gulusoy&Gulıyeva, 2021: 63). İ. Şıxlı yaradıcılığı, fəaliyyəti və şəxsiyyəti ilə bir bütövlük təcəssümü kimi sağlığında xalqın yanında, ölümündən sonra yaddaşlarda yer almışdır. Müstəqillik yolunda xalq hərəkatının öncüllərindən olması ilə həqiqətən xalqın yazıçısı olduğunu təsbit etmişdir. Prof. Buludxan Xəlilov müəllimi olmuş görkəmli yazıçı haqqında belə yazır: “İsmayıl Şıxlı ... Bu ad çox şey deyir. Bu ad çəkilən zaman əsl müəllim, görkəmli alim, istedadlı yazıçı, kişi xarakterli bir insan yada düşür”. (Xəlilov, 2014: 5).
İsmayıl Şıxlını xoşbəxt yazıçı taleyi olan ədiblərimizdən saymaq olar; əsərləri təkrar-təkrar nəşr olunur, hər yaşda oxucusu vardır, əsərləri orta məktəb dərsliklərindən düşmür, haqqında tədqiqat işləri yazılır. Bununla belə, yazıçının dilinin tam öyrənildiyini demək olmaz. Ədəbi baxımdan da yazıçının əsərlərinə yenidən baxılmalıdır. Sovet dövründə yazılmış məşhur “Dəli Kür” əsərində dövrün ictimai-siyasi durumu, hakim təbəqənin imperiya ambisiyaları, azlıqda olan və əzilən xalqların vəziyyəti, eləcə də maarifçilik ideyalarının ifadəsi və s. məsələlər, subliminal mesaj ötürən ayrı-ayrı epizodlar, dialoqlar, fikirlər bu gün, müstəqillik dövründə də aktual olaraq qalır. Məsələn:
Semyonov qubernatorun sözlərini yenidən xatırladı: “Biz buraya qoşunla, ordu ilə gəlmişik. Süngülər, qalalar olmasa bircə gün də hakimiyyəti əldə saxlaya bilmərik. (Şıxlı, 1968: 428); Yoxsa Siz öz maarif ordunuzu bizə qarşı qoymaq istəyirsiniz? Məsləhət görmürəm, cənab. (Şıxlı, 1968: 433)
Semyonov inana bilmirdi ki, onların zəhməti hədər gedəcək. O, qəlblərdə yandırdığı maarif məşəlinin sönəcəyini heç cür ağlına gətirə bilmirdi. Onun idealı insanlığa xidmət etmək idi. O, elmi, maarifi bir işıq, bir nur hesab edirdi. Bunu söndürmək yox, daha da gücləndirmək lazım idi. (Şıxlı, 1968: 433-434)
Ümumən balaca millət olmaq bədbəxtlikdir. Hərə bir qapaz vurur, gözünü açmağa qoymur. (Şıxlı, 1968: 140)
Aforizm səciyyəli fikirlərlə ömrünün qürub çağında yazdığı “Ölən dünyam” əsərində də rastlaşmaq olur:
Axtalanmış adamdan kişi çıxmadığı kimi, axtalanmış cəmiyyətdən də kamil cəmiyyət ola bilməz. (Şıxlı, 2005: 335); Yaz qışı, yay yazı, payız yayı əvəz etdiyi kimi cəmiyyət də embrioloji mərhələlər keçməlidir. Əvvəlcə insanların zehnində kamillik yaranmalı, təkamül yolunu keçib inqilaba gəlməlidir. (Şıxlı, 2005: 300)
İ. Şıxlının yaradıcılığı dil baxımından mütəmadi olaraq tədqiqatçıların maraq dairəsində olmuşdur. Yazıçının bədii dili prof. Qəzənfər Kazımov (Kazımov, 2009), prof. Əzizxan Tanrıverdi (Tanrıverdi, 2012), prof. Buludxan Xəlilov (Xəlilov, 2014) kimi tanınmış dilçilərlə yanaşı, magistr, buraxılış işlərinin obyekti olmuş, bir neçə nəsil araşdırıcılara zəngin material vermişdir.
Prof. Q. Kazımov İ. Şıxlınln dilinə, daha doğrusu, “Dəli Kür” romanının dilinə bir məqalə həsr etmişdir. O, məqalədə diqqəti daha çox az işlənən sözlərə, dialekt leksikaya, xüsusən etnoqrafik dialektizmlərə yönəltmiş, bəzi sözlərin izahını vermişdir. Məsələn: suvadağ (çay kənarında əhalinin içmək üçün su götürdüyü yer), su yolumu (suvadağa enən cığır), xır (çınqıl, əzilmiş xırda daş parçaları, qumlu torpaq) kimi söz və ifadələrin mənasını məhz bu məqalədə öyrənmək olar. Prof. Q. Kazımov məqalədə həmçinin yazıçı dilinin təbiiliyi, obrazlılığı, emosionallığı kimi cəhətlərə fikir vermişdir. “Göy inildəyib şaqqıldadı. Selləmə yağış başladı. Suyun üzü atılıb-düşdü. Elə bil Kürü daşa basdılar” cümlələrini nümunə gətirən alim yazır: “Bu cür təsvir tarixi keçmişimizin müəyyən mərhələsinə həyat verən “Dəli Kür”ün özünə də həyat verir, onu oxucuya daha çox sevdirir” (Kazımov, 2009: 40). Həqiqətən, alimin nümunə gətirdiyi cümlələr nəsrdə obrazlılığa gözəl nümunədir. Təəssüflə qeyd edək ki, Azərbaycan lüğətçiliyi yalnız İ. Şıxlı bədii dilinin deyil, digər yazıçıların dilinin də leksikoqrafik baxımdan araşdırılmasının əskikliyini yaşayır. Bu cümlələrə obrazlılıq və emosionallıq baxımından yox, leksikoqrafik baxımdan yanaşsaq, əhəmiyyət kəsb edən dil faktlarını qeyd edə bilərik: şaqqıldamaq sözü (ildırım) çaxmaq mənasını da verir, sözün məna rubrikasiyasında “gülmək”, “sınarkən səs çıxarmaq” kimi mənalarla yanaşı yer alır; selləmə sözü sifət kimi kimi güclü mənasını verib, yağış sözünü təyin edir. Bu cümlələr lüğətlər üçün gözəl illustrativ material ola bilər.
Əzizxan Tanrıverdinin monoqrafiyası Azərbaycan dilçiliyində İsmayıl Şıxlının dili haqqındakı ən ciddi araşdırmalardan biridir. (Tanrıverdi, 2012). Monoqrafiya Azərbaycan ədəbiyyatında ən mükəmməl romanlardan hesab edilən “Dəli Kür”ün poetik dilinə həsr olunmuşdur, burada romanın poetikası və semantikası həm şifahi, həm yazılı ədəbiyyat kontekstində araşdırılır. Prof. Əzizxan Tanrıverdinin dil tarixi üzrə mütəxəssis olması bu araşdırmada da özünü göstərir, belə ki, “Dəli Kür”ün mətni “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanlarının kontekstində təhlil edilir. Əsərin dili yalnız dastanlar deyil, şifahi xalq ədəbiyyatının digər nümunələri ilə: bayatılar, eydirmələr, əfsanələr, mahnılar, eləcə də aşıq şeirləri ilə əlaqəli araşdırılır. Monoqrafiyada yalnız əsas obrazların deyil, epizodik obrazların dili də leksik və üslubi baxımdan nəzərdən keçirilir.
Bəhs edilən araşdırmalar daha çox leksikoloji, üslubi və poetika məsələlərini əhatə edir. İsmayıl Şıxlının dilinin müxtəlif tipli lüğətlərə material verdiyini və araşdırma nəticəsində daha çox material verə biləcəyini nəzərə alaraq, digər əsərlərini də əhatə etməklə Şıxlının dilinə leksikoqrafik rakursdan da baxmaq önəm daşıyır.
Bu məqalədə İsmayıl Şıxlının dilinin leksikoqrafik təhlilini vermək, ümumi filoloji lüğətlər, eləcə də yazıçı dilinin izahlı lüğəti üçün illüstrasiya baxımından əhəmiyyətini üzə çıxarmaq qarşıya məqsəd qoyulmuşdur. Hər hansı dil materialının leksikoqrafik təhlili digər araşdırmalardan fərqli yanaşma tələb edir. Leksikoloji təhlildə nəticə çıxarmaq üçün bir neçə leksemlə kifayətlənmək mümkündür, məsələn, prof. Q. Kazımovun, yuxarıda söz açdığımız məqaləsində otuza yaxın leksik vahid təhlilə cəlb olunur. Leksikoqrafik yanaşmada (xüsusən yazıçı dilinin lüğətinin tərtibində) məqsəd yazıçı dilini bütünlüklə araşdırmaq və canlandırmaqdır. Digər tərəfdən, leksikoloji araşdırmada tədqiqatçı mövqeyi hər addımda özünü büruzə verirsə, yəni tədqiqatçı öz sözünü deyirsə, leksikoqraf isə yazıçı leksikonunu onun öz dili ilə, illüstrasiyaların vasitəsilə təqdim edir.
Azərbaycan ədəbi dilinin ümumi mənzərəsini təşkil edən dil bankının (korpusunun) tərtibi İ. Şıxlının zəngin bədii dilindən kənarda mümkün görünmür. İ. Şıxlının dilinin izahlı lüğətinin tərtibinin vacibliyi də bu həqiqətə söykənir. Əslində, yazıçı dilinin lüğəti tezaurus tipli olmalıdır, rast gəlinən bütün sözlər əhatə olunmalıdır. Yazıçı dilinin lüğətlərində müəllifin işlətdiyi ən kiçik vahidlərdən, məsələn: “və” bağlayıcısı, “o” əvəzliyindən tutmuş tezliyi ən az olanlaradək bütün leksik vahidlər maraq doğurur. Bəzən ilkin mərhələdə az işlək, orta işlək və digər maraqlı dil faktlarının ehtiva olunması da kifayət edir. Bu baxımdan, məqalədə ilk növbədə diqqət az işlək leksikaya və dil faktlarına yönəldilmişdir. Tətbiq olunan əsas metodlar təsviri və “komponent təhlil” metodlarıdır. Təsviri metod dil materialını əks etdirməyə, “komponent təhlil” metodu isə sözün semantik strukturunun rubrikasiyasına, yəni mənaların bölgüsünə, həmin mənaların iyerarxiyasının müəyyən olunmasına xidmət edir.
1. İsmayıl Şıxlı Dilində Az İşlək Sözlərə Leksikoqrafik Yanaşma
İ. Şıxlı leksikasının ən maraq doğuran qismi Azərbaycan dilinin izahlı lüğətində olmayan, lakin Şıxlı yaradıcılığında oxucunun qarşısına çıxan az işlək leksikadır. Belə sözlər kifayət qədərdir və onların ümumi lüğətlərin sözlüyündə də təmsil olunması məqsədəuyğundur. Bu qəbildən olan sözlərin ümumi lüğətlərdə yer alması lüğətin sorğu funksiyasına uyğundur və oxucu maraqlarına cavab verir. Məsələn:
yehrələnmək- zolaq şəklində nizamla biçilmək, nizamla biçilib zolaq şəklində düzülmək.
yehrə - biçilib zolaq şəklində tökülmüş ot. (ADDL, 2007: 545)
Bu sözün izahıını prof. Q.Kazımov belə verir: “Yehrələnmək” feili Azərbaycan dilinin Qərb dialekt və şivələri qrupunda “biçilib, lakin yığılmamış ot zolağı” mənasında işlənən “yehrə” ismindən əmələ gəlmişdir; bizim bir neçə sözlə ifadə edə biləcəyimiz mənanı yığcam və dəqiq şəkildə ifadə edə bilir” (Kazımov, 2009:43).
Göy otlar yehrələnib uzanırdı. (Şıxlı, 1968: 132)
züllə - şiş, ucu sivri olan. Züllə papaq - qıvrım tüklü dəridən tikilən çox hündür papaq növü. XI Ordu əsgərlərinin papağına da xalq arasında qədim papaq növünü xatırlatdığı üçün züllə papaq demişlər.
Hamısının papağı eyni cür idi: alın yerinə qırmızı parçadan iri ulduz tikilmiş züllə papaq! (Şıxlı, 2005: 312)
zülləpapaq – şiş papaqlı, şiş papaq geyinmiş.
O, yenə odun götürüb ocağa atdı və birdən pəncərədən kəndin yollarında və məktəbin həyətində ora-bura qaçışan, qucaqlarında ot daşıyan zülləpapaq əsgərləri gördü. (Şıxlı, 2005: 329)
heykirmək – bağırmaq, böyürmək, hayqırmaq.
Nə maral buğası heykirirdi, nə də düyələr mələşirdi. (Şıxlı, 2005: 285)
İ. Şıxlının dili etnoqrafik leksika ilə zəngindir. Yazıçının əsərlərində xalqın həyatı, məişəti, adət-ənənələri ilə bağlı bütöv səhnələr tapmaq olar. Şıxlı yaradıcılığı, onun bədii dili lüğətlərə hazır leksikoqrafik material verir və bu cəhətdən linqvistik və ensiklopedik lüğətlər üçün mötəbər mənbə kimi çıxış edir. Bu əsərlərdə linqvistik lüğətlərdə bir cümlə ilə verilmiş hər hansı izahı tamamlayacaq və baş söz haqqında aydın təsəvvür yarada biləcək illüstrasiyaya rast gəlirik. Məsələn, dirədöymə sözünün bütün lüğətlərdə təkrar olunan “uşaq oyununun adı” izahını genişləndirmək üçün aşağıdakı parça material verə bilər:
Axşamdan ala çatıları istağa qoyurdular. Səhər, gün xeyli qalxandan və zurnaçılar damın üstünə çıxıb səhər havasını çalandan sonra dəstədəstə gəlib xırman yerinə toplaşırdılar. Böyük dairə çəkirdilər. Sonra da haley gəlib beş-beş iki yerə bölünürdülər. Yalaq düzəldib ala çatıları ora qoyurdular. Oynayanlardan beş nəfəri həmin çatıların – dairənin üstündə dayanırdı, beş nəfəri isə dairəvi cızıqdan kənarda dayanırdı. Oyunun şərti belə idi: kənarda dayanan beş nəfər çalışırdı ki, dairənin içində dirələrin üstündə dayananlardan birinin ayağının altından çatını götürsün. Əgər götürə bilsələr, çatıları alır, dirələrin üstündə dayananları dairənin içinə salır və əllərindəki çatı ilə onları döyürdülər. O vaxta qədər ki, döyülənlərdən biri döyənlərdən birini dairənin içində təpiklə vura bilsin. Belə olanda oyun təzədən başlayırdı. Döyənlər dairənin içində dirələrin üstündə dayanır, döyülənlər isə onlara hücuma keçirdilər. Bu, adicə oyun deyildi, tamaşa idi. (Şıxlı, 2005: 283).
Bu geniş izah ixtisar olunmaqla ümumi linqvistik və hətta ensiklopedik lüğətlərdə sözün mənasını tamamlamaq üçün verilə bilər. Məsələn: dirədöymə - uşaq oyununun adı (bu oyunda iki dəstəyə bölünmüş gənclərin bir dəstəsi digər dəstə üzvlərinin ayağının altındakı çatılara sahib olmağa və dəstə üzvlərini çatılarla döyərək dairəyə salmağa çalışır; döyülənlərin döyənləri dairəyə salmağı bacardığı andan oyun yenidən başlayır).
Lüğətlərdə iynəlik sözü “iynə sancılan balaca balış” kimi verilir (ADDL, 2007: 239). Digər mənasına “Dəli Kür” və “Ayrılan yollar” əsərlərində rast gəlmək olur:
Bayram axşamı qapı pusmaq, iynəlik salıb bəxt sınamaq qızların adəti idi. Oğlanlar da baca-baca gəzirdilər. (Şıxlı, 1968: 227)
Qızlardan biri gülə-gülə iri bir badyanı su ilə doldurub ortalığa qoydu.
- Gəlin iynəlik salaq.
Onlar iki iynə götürdülər. Uclarına pambıq doladılar ... Qızlar iynələri suya saldılar. İynələr suda üzməyə başladılar. Qızlar öz ürəklərində belə hesab edirdilər ki, əgər iynələr birləşsə, demək, oğlanla qız görüşəcək və evlənəcəklər. (Şıxlı, 1968: 228)
Sonra qızlar içəri keçdilər, plov yedilər, şirni paylarını götürüb qağıldaşa-qağıldaşa ortaya sulu bir qab qoyub iynəlik saldılar. (Şıxlı, 1968: 277)
Beləliklə, iynəlik sözünün lüğət məqaləsini belə tamamlamaq olar:
iynəlik - Novruz bayramı adətlərindən biri.
Bu qəbildən olan nümunələrlə İ. Şıxlı yaradıcılığı izahlı lüğətləri zənginləşdirməyə xidmət edə bilər. Başqa bir adət haqqında məlumata “Namus qaçağı” əsərində rast gəlinir:
Suyu qızın ayağına tökmüşdü. Demək, ürək sözünü demişdi. Bu dağlarda bu, adət idi. ...Qız da hirslənməmişdi. ... Demək, onun da ürəyi oğlanı tutmuşdu.
...İlyasın bacısı oyununa ara vermədən hərləndi və sezilmədən Zöhrənin kəlağayısının yelənli ucunu ələ keçirdi. Zöhrə gözünü yumub-açınca ovcundakı pulu kəlağayının ucuna düyünlədi. Bu, qızı bəlləmək deməkdi. (Şıxlı, 2005: 373)
İ. Şıxlı dilində unudulmuş rəqslərin və havaların adları çəkilir. Onların bəziləri izahlı lüğət tərəfindən qeydə alınıb, bir qismi üçün isə Şıxlı yaradıcılığı hələ ki yeganə mənbədir:
atdandırma (atlandırma) - kənd toylarında gəlini bəy evinə aparmaq üçün ata mindirdikdə və atlılar ata mindikdə zurna ilə çalınan havanın adı. (Azərbaycan dilinin izahlı lüğəti, 1966: 141-142)
Gah atdandırma, gah çadırhəngi çalar, gah da oynamaq istəyənlərin xahişini yerinə yetirərdi. (Şıxlı, 2005: 135)
Səhər tezdən zurnaçılar damın üstünə çıxıb “atdandırma “ çalanda bir dəstə atlı dağlara qalxdı. (Şıxlı, 2005: 382)
cıdırhəngi - cıdır yarışlarında ifa olunan zərbli havanın və rəqsin adı. Qeyd edək ki, izahlı lüğət bu sözü qeydə almayıb.
Hümmət cıdırhəngi çalır, kəndin dəliqanlıları atlarını zurnaçının qabağında oynadıb cıdıra hazırlaşırdılar. (Şıxlı, 2005: 302)
Əvvəlcə cıdırhəngi çalındı, sonra güləşəngi. (Şıxlı, 2005: 373)
güləşəngi/güləşhəngi - izahlı lüğətdə güləşəngi variantı verilir - güləşmə zamanı çalınan hava (ADİL, 1983: 208). Güləşəngi sərt, zəhmli, eyni zamanda şən və həyəcan doğuran havadır.
Qara zurnada güləşhəngi çalınan kimi meydana atılırdı. (Şıxlı, 2005: 391).
Ay Hümmət qağa, indi də güləşəngi çal, görüm qabağıma kim çıxacaq? (Şıxlı, 2005: 358)
dirədöymə - izahlı lüğətdə yalnız oyun adı kimi qeydə alınsa da, (ADİL, 1980:113) yazıçı dilində rəqs havası mənasında da rast gəlinir.
Ay Hümmət qağa, bir dirədöymə havası çal. (Şıxlı, 2005: 358)
İ. Şıxlı əsərlərində rast gəlinən bəzi ensiklopedik məlumat leksikoqrafik baxımdan çox qiymətlidir və lüğət tərtibində sözün izahını tamamlamağa xidmət edir.
anadil - söz izahlı lüğətdə qeydə alınmayıb. “Dəli Kür” əsərində bu sözün işləklik dərəcəsi, tezliyi kifayət qədər yüksəkdir.
Lap yaxında anadil ötdü. (Şıxlı, 1968:205)
Əşrəf yerin içində yenə bir müddət anadillərə qulaq asdı və özü də hiss etmədən yuxuya gedib mışıldadı. (Şıxlı, 1968: 233)
Əsərdə bu quşla bağlı belə bir əfsanə də verilir:
O bilirdi ki, ağacların budaqları arasından başı aşağı sallanan bu quşlar yalnız gecələr oxuyurlar. Deyilənə görə, onlar vaxtilə insan olmuşlar. İndi bir-birini səsləyən anadillər peyğəmbərin danasını otarırlarmış. Bir gün dana itir, onlar nə qədər axtarırlarsa da heyvanı tapa bilmirlər. Meşənin qaranlığında, çənli-çiskinli havada hərəsi bir yana üz tutur, biri “tapdınmı?” – deyə soruşur, o biri isə “yox” – deyə cavab verir. Elə bu cür, bir-birlərini səsləyə-səsləyə, qorxularından dönüb quş olurlar. (Şıxlı, 1968: 205-206)
Bu söz yalnız “Dəli Kür”də deyil, “Ayrılan yollar”, “Ölən dünyam” romanlarında da yer alır.
Yaxındakı çinarın başında anadil ötdü. (Şıxlı, 2005: 154)
Hardasa bülbül oxuyurdu. Arabir kəndin kənarındakı dərədən anadil səsi gəlirdi. (Şıxlı, 2005: 302)
Onun yadına Qarayazı meşəsində, gecə sakitliyində səhərə qədər bir-birini çağıran anadillərin qərib və məhzun səsi gəldi. (Şıxlı, 2005: 357)
Elə bu vaxt ağacların başında yaşayan və indiyəcən heç kəsin görmədiyi anadil quşlarının bir-birini səsləyən məhzun səsi eşidildi. (Şıxlı, 2005: 360)
İ. Şıxlı dilində informativlik başqa sözlərdə də özünü göstərir:
Şümşad/şümşəd sözü klassik ədəbiyyatda “həmişəyaşıl ağac” mənasında işlənib, obrazlı ifadələrdə, bənzətmələrdə qamətli mənasında işlənib. Dialektlərdə sözün hamar mənası da vardır. İ. Şıxlı əsərlərində məlum olur ki, şümşad/şümşəd həm də tütək növüdür və belə bir izahla tanış oluruq:
Cəmi səkkiz deşiyi olan adi, nazik mis tütəyi dodaqlarına yaxınlaşdırıb çalan adamı gözlərinin qarşısında canlandırmağa çalışdı. Kənd arasında hamının şümşəd adlandırdığı bu tütəyin səsində qəribə, ürəyə yol tapan və xəyalı uzaqlara aparan bir hüzn var idi. (Şıxlı, 1968: 279)
Digər nəşrdə bu sözün şümşad variantı verilib:
Kənd arasında hamının şümşad adlandırdığı bu tütəyin səsində qəribə, ürəyə yol tapan və xəyalı uzaqlara aparan bir hüzn var idi. (Şıxlı, 2005b: 250)
2. İsmayıl Şıxlı Dilində Sözlərin Semantik Strukturuna Leksikoqrafik Yanaşma
2.1 Çoxmənalı Sözlərin Semantik Strukturunun Leksikoqrafik Həlli
İsmayıl Şıxlının bədii dili Azərbaycan dilini bütün imkanları ilə təcəssüm etdirir. Əgər yazıçının dili haqqında qısaca fikir bildirmək lazım gəlsə, ona ən uyğun gələn ifadə budur: böyük sənətkarların müzəffər yürüşündən dil bəzən ehtizaza gəlir. Araşdırılan əsərlər dilimizin imkanlarından tam gücü ilə istifadə etmək, mümkün olan məna çalarlarını ortaya qoymaq, dilin özünü də ehtizaza gətirmək kimi cəhətləri üzə çıxarır. İzahlı lüğətin tərtibində hər hansı sözün məna strukturunu tam əhatə etmək üçün bəzən dörd-beş yazıçının yaradıcılığını bir yerə toplamaq lazım gəlir. İ.Şıxlı yaradıcılığı sözün məna tutumunu təqdim etmək üçün təkbaşına material verir, sözün çoxmənalılıq, omonimlik kimi imkanlarını sərgiləyir, sözün eyniliyi, fərqliliyi kimi xüsusiyyətlərini nümayiş etdirir. Məsələn, kötük sözünün semantik strukturunun Şıxlı yaradıcılığında təzahürünə nəzər salaq:
1. Ağacın yerdən iri budaqlarına qədər olan hissəsi; oduncaq; ağacın qalın yerindən, oduncağından kəsilən bir hissə. (ADİL, 1983: 114)
Ələddinin səsini eşidəndə baltanı kötüyə sancıb dikəldi. (Şıxlı, 2005: 239)
Göytəpəlilər kimi iri qarmaq atmaz, bir kötüyün üstündəcə oturub, balaca tilovla kiçik balıqlardan tutardı. (Şıxlı, 2005: 115)
2. Bir şey işləndikdən sonra qalıb atılan hissəsi. (Azərbaycan dilinin izahlı lüğəti, 1983: 114)
İçəridəki yaşlı kişilərdən biri qəzetdən bükdüyü maxorka papirosunu bir-iki dəfə söndürüb kötüyü yerə atdı. (Şıxlı, 2005: 343)
Kosaoğlu müştüyünü üfürüb papiros kötüyünü tulladı. (Şıxlı, 2005: 228)
3. Məcazi mənada: yaşlı adam, yaşca ən böyük, qoca, ixtiyar mənasında. (ADİL, 1983: 114)
Ölən – evin kötüyü, elin-günün ağsaqqalı o nurani kişi idi. (Şıxlı, 2005: 288).
Yalnız semantik struktura daxil olan mənalar deyil, idiomlar da dilin yaradıcılıq imkanlarının genişliyindən xəbər verir. Məlumdur ki, lüğət məqaləsinin sonunda müəyyən işarə altında - adətən, bu, romb işarəsi olur – frazeologizmlər də verilir.
Görünür, düz deyirlərmiş, kötük üstündə neçə çırpılar doğranarmış. (Şıxlı, 2005: 258)
Qabağımıza kötük dığırlayır. (Şıxlı, 2005: 168)
Məna strukturu zəngin olan başqa bir sözün məna rubrikasiyasına nəzər salaq. Daban sözündə də həmin mənzərəni görürük:
daban – 1. İnsan və heyvan ayağının dal hissəsi. (Azərbaycan dilinin izahlı lüğəti, 1980: 8)
Güləsər atasının çatlamış dabanlarına baxa-baxa onun izi ilə getdi. (Şıxlı, 1968: 65)
2. Ayağa geyilən şeylərin arxa hissəsi. (Azərbaycan dilinin izahlı lüğəti, 1980: 8)
Otaqda gəzinən rəisin çəkməsinin nallı dabanının taqqıltısı və polislərin fısıltısı onu hövsələdən çıxartsa da, dinmədi. (Şıxlı, 1968: 401)
Çəkmələrinin dabanlarındakı dişli dəmirlərlə atları məhmizlədilər. (Şıxlı, 1968: 257)
3. Tüfəng, tapança kimi silahların çaxmağı, tətiyi (ADİL, 1980: 8)
Çərkəz hələ də çaxmağın dabanını endirməmişdi. (Şıxlı, 1968: 27)
Tüfəngin dabanını açıb xəzinədəki güllələri boşaltdı və Allahyarın ayağının altına atdı. (Şıxlı, 1968: 384)
4. Qapının, pəncərənin, darvazanın alt böyründə olub, çərçivəyə girən və yuvasında dönə bilən çıxıntı. (Azərbaycan dilinin izahlı lüğəti, 1980: 8)
Qapının dabanı çürüyüb. Qıfılı pas atıb. (Şıxlı, 1968: 85)
Daban sözü frazeoloji birləşmələrdə və mürəkkəb sözlərin komponenti qismində də çıxış edir:
Qapının dabanını yağır eləyib. (Şıxlı, 2005: 90)
Elə Cahandar ağanın özü də sonradan, qaradabansan, gələn kimi evimə qan saldın,- deyə mənim üstümə atılmazmı? (Şıxlı, 1968: 13 )
Məna genişlənməsi İ. Şıxlı yaradıcılığında çox təzahür edən bir hadisədir. Rast gəldiyimiz məcazi mənaların bir qismi lüğətlərdə qeydə alınmayıb, bəziləri qeydə alınsa da, illüstrativ materialla təchiz olunmamışdır. Məlumdur ki, lüğətçilikdə illüstrasiyasız lüğət məqaləsi naqis hesab olunur. Ümid edirik ki, izahlı lüğətlərin gələcək nəşrləri illüstrasiya baxımından İ. Şıxlı yaradıcılığından daha çox bəhrələnəcək. Məsələn, əriş-arğac sözünün məcazi mənası izahlı lüğətdə verilməyib. Bu söz lüğətlərdə yalnız həqiqi mənası ilə təmsil olunur və belə izah olunur: əriş-arğac - əriş və arğac, ərişlə arğac birlikdə. (ADİL, 1980: 286)
Məlumdur ki, əriş – xalçada və başqa toxunma mallarda uzununa müvazi gedən əsas iplər (Azərbaycan dilinin izahlı lüğəti, 1980: 286), arğac isə əriş müqabili eninə gedən ipdir. İ. Şıxlı dilində söz “eninə-uzununa, başdan-başa, büsbütün” mənalarda da işlənir:
Asfalt yollar Almaniyanı əriş-arğac kəsirdi. Yolların kənarında ağaclar cərgələnmişdi. (Şıxlı, 1985: 178).
Elə bil heç bu çölləri ərşi-arğac eləyən Zeynəb deyiləm. (Şıxlı, 2005: 206). (Qeyd edək ki, bu nümunədə ərşi-arğac xalq arasında işlənən variantdır və dil yanlışlığna nümunə ola bilər).
Başqa bir nümunə: Uzunsaşlı – saçı uzun olan, uzun saç qoymuş, saçlarını uzatmış. (ADİL, 1987: 228)
Dilimizdə bu sözün qadın, zənən mənasında da işləndiyini söyləmək olar və bunun sübutunu Şıxlı yaradıcılığında tapmaq mümkündür:
Yadında saxla, uzunsaçlının ahı yerdə qalmaz. (Şıxlı, 2005: 401)
Bilmirəm, qocalıqdandı, nədəndi, ay bala, sümüyüm yaman köyrəlib, heç uzunsaçlının ahına dözə bilmirəm. (Şıxlı, 2005: 281)
Kündə sözünün semantik strukturunda: “ ...yaymaq, yastılamaq üçün yumru hala salınmış xəmir parçası” mənasına rast gəlindiyi kimi, izahlı lüğətlərdə yer tapmayan dizlə bağlı mənasına da Şıxlı dilində illüstrasiya tapmaq olar:
Təzədən onun qapısına getsəm, üzümə vurmasa da, ürəyində “urvan məndən olmasa, kündən küt düşər”, - deyəcək. (Şıxlı, 1968: 30)
Onun dizinin kündəsinə qədər çəkdiyi çəkməsi, dabanlarındakı məhmizlər par-par parıldayırdı. (Şıxlı, 1968: 426)
2.2 Məcazlaşma Nəticəsində Sözlərin Məna Genişlənməsi
Bədii üslubun əsas göstəricilərindən biri məcazlardır. Bu üslubun aparıcı olduğu Azərbaycan ədəbiyyatında ayrı-ayrı yazıçıların dilində olduğu kimi, İ. Şıxlı dilində də metaforikləşmənin, məcazların işləkliyi hər zaman ən yüksək dərəcədə olmuşdur. İ. Şıxlının “Dəli Kür” əsərinin dilinə monoqrafiya həsr etmiş prof. Əzizxan Tanrıverdi hesab edir ki: “Dəli Kürü”ün poetik dilini zənginləşdirən epitet, metafor, metonimiya, təşbeh, mübaliğə kimi bədii təsvir və ifadə vasitələri sistemli şəkildə tədqiq edilməlidir” (Tanrıverdi, 2012: 13). Belə tədqiqatların müxtəlif tip lüğətlər, o cümlədən yazıçı dilinin lüğətləri üçün baza rolunu oynaması danılmazdır.
Qeyd edək ki, metaforikləşmə yalnız metaforla bağlı olmayıb, digər məcazları da əhatə edir. İ. Şıxlı yaradıcılığında həm klassik ədəbiyyatda rast gəlinən, həm də orijinal təşbehlər vardır. Məcazlar içərisində ən çox rast gəlinən müfəssəl təşbehlərdir. Məsələn,
qırğı kimi /qırğı təkin:
Oho, heç onun dərdini çəkməyin, lap qırğı kimidir. (Şıxlı, 1968: 156)
Dünənəcən qırğı kimi süzən Şamxal indi ağır-ağır addımlayır, bircə gecənin içində yaşa dolub toxtamış kimi görünürdü. (Şıxlı, 1968: 85)
Qırğı təkin cəld, tərlan kimi vüqarlı, sığallı gəlin kimi yaraşıqlı olan Qəmər indi ağlar günə qalmışdı. (Şıxlı, 1968:341)
ley cücə götürən kimi:
Bir də gördün boz yoluğun biri, ley cücə götürən kimi, qızı götürüb apardı. (Şıxlı, 2005: 37)
Bax elə bu vaxtlar Cahandar ağa peyda oldu və ley cücə götürən kimi, onu caynağına alıb birbaş evinə gətirdi. (Şıxlı, 1968: 27)
qılınc kimi:
Şiddətli bir işıq zolağı qaranlığı qılınc kimi kəsdi və mizin üstünə sərildi. (Şıxlı, 1968: 426)
güllə kimi:
Elə bil güllə kimi açılan bu sərt sözdən at da diksindi. (Şıxlı, 2005: 370)
Əsərlərdə yalnız İ. Şıxlı dilində rast gəlinən maraqlı, orijinal təşbehlər də vardır. Məsələn, kolxoz mövzusundan danışan yazıçı pambıq kollarını muncuğa bənzədir, bu da torpağı sevməkdən, ağır “qul əməyi”ndə də romantika görməkdən irəli gəlir.
Amma bax gör nə gözəldir! Kollar muncuq kimi düzülüb. (Şıxlı, 2005: 143)
Başqa bir əsərində qarpızların qoyun sürüsünə oxşadılması ilə bənzərsiz təşbeh müşahidə olunur, burada həm də “qarpızlar yatmışdı” cümləsində metafor görmək mümkündür.
Qarpızlar qoyun sürüsü kimi tağların üstündə yatmışdı. (Şıxlı, 1968: 287)
Canlı xalq dilinə əsaslanan ideomatik bənzətmələr də maraq doğurur:
Ürəyini sıxma, ona elə sözlər dedim ki, daş dəymiş ayı kimi donquldana-donquldana qaldı. (Şıxlı, 1968: 19)
Məcazlar sırasında orijinal epitet, metafora və s.-ə təsadüf edilir:
Şəhərin qucaqladığı dəniz bu işıqların ağuşunda parıldayırdı. (Şıxlı, 2005:151)
Halay bəy bir anda səyyar xəyalın ağuşunda ötən günlərə qayıtdı. (Şıxlı, 200: 359)
Su yorğun... Meşə yuxulu...Hər şey süstləşmişdi. (Şıxlı, 1968: 282)
... baş-başa verən çinar ağacları, qollu-budaqlı armudlar, salxım söyüdlər elə bil mürgüləyirdi. (Şıxlı, 2005: 144)
Kürün hirsli ləpələri az qalır ki, evlərin divarını yalasın. (Şıxlı, 1968: 386)
Əhməd onun soyuq üzünü, açıq ağzını, tez-tez çıxardığı qara haça dilini və qarmaq dişlərini aydınca gördü. (Şıxlı, 1968: 286)
Dilimizdə ağız, burun, ayaq, göz, diş kimi somatik sözlərin məcazi məna yaratması tezliyi yüksəkdir. İ. Şıxlı dilində somatizmlər əsasında yaranmış orijinal metaforlarla da qarşılaşırıq:
Vaxtsız yola çıxıb, axşam qaranlığına düşən müsafirlər elə burdaca, körpünün qarnındakı karvansarada gecələyirlərmiş. (Şıxlı, 1968: 114)
Bəzən bir cümlədə müxtəlif məcazlar işlənir və məcazlar sistemi əmələ gətirir:
Kəndin üstünə yorğan kimi sərilmiş qar da, şıtrıltı ilə axan büllur suyun üzünə yayılan buz da ...birdən-birə yoxa çıxdı. (Şıxlı, 2005: 370)
İmrana elə gəldi ki, buludlar ayı bürüyür, onun qabağına keçir, yol vermək istəmir, ay isə çırpınıb, gah buludlara baş vurur, gah qılınc kimi sıyrılır, gah da duman içində görünməz olur. (Şıxlı, 2005:153)
İ. Şıxlının bədii dilində maraqlı oksimoronlar, yəni bir-birinə zidd anlayışlar əsasında formalaşan birləşmələr də vardır:
Sükutdan qulaq batırdı. (Şıxlı, 1968: 433)
Sükutdan qulaq cingildəyir. (Şıxlı, 1968: 146)
Ətrafa qulaq cingildədən dərin bir sükut çökürdü. (Şıxlı, 1968: 130)
Sükutdan qulaq güyüldəyirdi. (Şıxlı, 1968: 193)
Səssizlikdən qulaq batan kənd-kəsəkdən uzaq balaca stansiyada o, təklikdən darıxırdı. (Şıxlı, 1968: 192)
Müasir dildə “acıqlı, hirsli və ya bir şeydən narazı olan adamın üzündə əmələ gələn hal...” (Azərbaycan dilinin izahlı lüğəti, 1966: 457) mənasını verən qaşqabaq sözü ilə gülmək sözü Şıxlı dilində oksimoron yaradıb.
...bir az bundan əvvəl qaşqabağı gülən mehriban çöhrəli Əhmədin sifətinə qışın boz, çovğunlu ruzigarını xatırladan bir kədər çökdüyünü hiss etsə də, marağını boğa bilmədi. (Şıxlı, 1968: 121)
Dildə maraqlı hadisə sayılan enantiosemiyaya da maraqlı nümunəyə rast gəlmək olur. Enantiosemiya nadir dil hadisəsi olub, bir sözdə iki zidd mənanın - antonim mənanın hər ikisinin işlənməsinə əsaslanır. Məsələn, keçinmək sözündə bir-birinə zidd qütbün hər ikisi Şıxlı yaradıcılığında özünü göstərir.
keçinmək – 1. Dolanmaq, yaşamaq, güzəran etmək, baş saxlamaq; 2. Birisi ilə (istər-istəməz) dinc yaşamaq, yola getmək; yola vermək. (ADİL, 1983: 33)
Bir mənim qızım getməsə, keçinmək olmazmı? (Şıxlı, 2005: 186)
Bakıda agitatorlarımız çoxdur. Sənsiz də keçinə bilərik. (Şıxlı, C.1.2005: 186)
keçinmək - ölmək. (Azərbaycan dilinin izahlı lüğəti, 1983: 33)
Əgər Salatın onun xahişini rədd etsə, ayaq üstündə keçinəcəkdir. (Şıxlı, 1968: 250)
Deməli, döyülsə də, ürəyi keçinib huşsuz qalsa da, onu yoldan saxlamış, xatadan qurtarmışdı. (Şıxlı, 1968: 109)
Vulqarizmlər, bəzən ayrıca söz olsa da, əsasən, sözün semantik strukuruna daxil olmaq xüsusiyyətinə malikdir. Qeyd edək ki, vulqarizmlər də lüğətlərin sorğu funksiyasının maraqları daxilindədir, bu cəhətdən sözün ayrıca bir mənası kimi lüğətlərdə verilir.
Məsələn: qoduq - eşşəyin balası // təhqir mənasında da işlənir.
Ə, qoduq, sənin nə haqqın var, camaatın pulunu kəsib traktorçulara paylayırsan? (Şıxlı, 2005: 175)
3. İsmayıl Şıxlı Dilində Söz Yaradıcılığının Morfoloji və Sintaktik Yollarının Təzahürü və Leksikoqrafik Həlli.
Dildə söz yaradıcılığı prosesi durmadan inkişaf edir. Morfoloji quruluşuna görə aqlütinativ dil olan Azərbaycan dilində məlum modellər üzrə saysız-hesabsız söz yaratmaq mümkündür və nəzəri cəhətdən belə sözlərin mövcudluğu şübhə doğurmur. Ancaq illüstrasiya olmadıqda həmin sözlərin varlığı şübhə altına alınır. İ. Şıxlı yaradıcılığı bu cəhətdən leksikoqrafiya üçün tükənməz mənbədir. Məsələn:
dirsəkləndirmək – izahlı lüğətdə yoxdur; dirsəklənməsinə yardımçı olmaq mənasını verir.
Kərəm onun qoltuğunun altından tutub dizlərinə dirsəkləndirdi. (Şıxlı, 2005: 388)
güzgülənmək - izahlı lüğətdə yoxdur; güzgüyə baxmaq, əksinə baxmaq mənasında işlənir.
Səhər-səhər bulaq suyunda güzgülənib sığallanan bu qızların hansına yaxınlaşıb nə deyəcəyini bilmədi. (Şıxlı, 2005: 372)
durğunlaşmaq - izahlı lüğətdə yoxdur; durğun, hərəkətsiz vəziyyət almaq mənasında işlənir.
Torlanmış bəbəklər lal sular kimi durğunlaşdı və birdən-birə genişləndi. (Şıxlı, 2005: 387)
naharlanmaq - izahlı lüğətdə yoxdur; nahar etmək mənasında işlənir.
Sərin havada oturub çay içən, hətta özü ilə pendir-çörək gətirib naharlananlar da var idi. (Şıxlı, 2005: 324)
paylatdırmaq – izahlı lüğətdə yoxdur; paylamaq feilinin icbar növüdür.
Artıq yer əkdiyinə və kolxozçuların pulunu düzgün paylatdırmadığına görə partiya iclasında ona töhmət elan edildikdə Kosaoğlu qulaqlarına inanmamış.., təklifi irəli sürən Nəsib dayının üstünə düşmüşdü. (Şıxlı, 2005: 189)
çalmalamaq - izahlı lüğətdə yoxdur; başına çalma sarımaq, başını yaylıqla çəkmək.
Getməyə hazırlaşırdı ki, uzun və gen donunun ətəyi yerlə sürünən, başını çalmalamış Gövhər
qarı böyürdən çıxdı. (Şıxlı, 2005: 64)
çirməkli – izahlı lüğətdə yoxdur; çirmələnmiş halda, qatlanmış (paltarın qolu və ya şalvarın balağı haqqında).
Onun qolları çirməkli idi. (Şıxlı, 2005: 16)
sığallaşdırmaq - izahlı lüğətdə yoxdur; səliqəyə salmaq, qaydaya salmaq, əl çəkmək.
Gördü ki, nişanlanandan bəri üstü-başı səliqəyə düşüb. Gülümsündü: - Deyəsən, qızın eşqi səni sığallaşdırıb. (Şıxlı, 2005: 239)
sözanlamaz – izahlı lüğətdə yoxdur; sözü, mətləbi işarəni dərk etməyən, başa düşməyən.
Dilbilməz, sözanlamaz polisləri gözü qarşısına gətirdi və qələmi mürəkkəbə batırıb qətiyyətlə yazmağa başladı... (Şıxlı, 1968: 372)
Bu kimi sözlər izah baxımından deyil, dildə törəmə sözlərin funksionallaşması mənzərəsini əks etdirmək nöqteyi-nəzərindən məlumat mənbəyidir. Yazıçının dili bu qəbildən olan sözlərlə lüğətlərin, xüsusən də böyük çoxcildlik izahlı lüğətlərin sözlüyünün zənginləşməsi üçün də bir mənbə ola bilər. Azərbaycan filoloji lüğətlərində əks olunmayan leksik vahidlər yalnız az işlək sözlərlə məhdudlanmır, mənası aydın olan, ancaq qeydə alınmayan kifayət qədər söz vardır. Filoloji lüğətlərin vəzifəsi yalnız sorğu səciyyəli olmasında deyil; bu tip lüğətlər dildə vətəndaşlıq hüququ qazanmış sözlərin qeydə alınması, bir növ reyestri funksiyasını da daşımalı olur. Mənası məlum olan, ancaq filoloji lüğətlərdə qeydə alınmayan sintaktik yolla yaranmış sözlərə aşağıdakıları misal göstərmək olar:
bələm-bələm – bələmək feilindən əmələ gələn zərf.
Bircə belə dur görüm, kişi özünə təzə paltar alıb, sən də onu bələm-bələm eyləyibsən. (Şıxlı, 2005:16).
toy-düdük - toy, toy məclisi.
Görərsiniz, bu gün- sabah toy-düdük çalınacaq. (Şıxlı, 2005: 90)
Bu sözlərin sırasında variantlar da az deyil. Variantların dildə əhəmiyyətini nəzərə alıb baxdırma üsulu ilə onları da sorğu tipli lüğətlərin sözlüyünə daxil etməyin gərəkli olduğunu düşünürük.
işım-işım bax. işıl-işıl: işım-işım işıldamaq – par-par parıldamaq, çox işıldamaq.
Onun içində oturanlar da elə bil qızıla bürünmüşdülər. Çiyinləri, döşləri işım-işım işıldayırdı. (Şıxlı, 1968: 257)
İ. Şıxlı yaradıcılığında bəzi düzəltmə və mürəkkəb sözlərin konteksti lüğətdə verilən izahlara korreksiya verməyə yardımçı ola bilər.
qurd-quş - izahlı lüğətdə “həşərat, cücülər” kimi izah olunur. (ADİL, 1966: 579)
İllüstrativ material bu sözün birinci komponentinin yalnız “həşərat” deyil, “canavar” mənasında da işləndiyini göstərir; işlənmə tezliyi də kifayət qədərdir.
Başa düşdü ki, qardaşı meyitə qurd-quş yaxın gəlməsin deyə ocaq qalayıb. İndi canavarın kürsək vaxtı idi. Sürü ilə gəzir və əllərinə keçəni dağıdırdılar. (Şıxlı, 2005: 246)
Nə şaxtanı hiss edir, nə də qaranlığa düşüb qurd-quşa yem ola biləcəyini ağlına gətirirdi. (Şıxlı, 2005: 375)
... a bala, hava da deyəsən, bulaşacaq, geri qayıt, yıxıl otur evdə, qurdda-quşda nə işin var, qan-qarğışdır. (Şıxlı, 2005: 254)
havalı - izahlı lüğətdə “azğın, qudurğan” kimi verilib. İllüstrasiya başqa mənzərə canlandırır:
Insan gərək havalı və eşqli olsun. (Şıxlı, 1968: 176)
Prof. Bəşir Əhmədov “Etimologiya lüğəti”ndə yazdığına görə, hava sözünün bildiyimiz mənadan başqa, məxəz dildə “istək”, “həyəcan”, “məhəbbət” mənaları da var (Əhmədov, 2015: 545). Bunu nəzərə alaraq, dilimizdə havalı sözünün “sevgi, məhəbbət dolu, həvəsli” kimi qəbul etmək və lüğətlərdə qeydə almaq lazımdır.
4. İsmayıl Şıxlı Dilində Təqlidi Sözlər və Onların Leksikoqrafik Həlli Məsələsi
Leksikoqrafiyada təqlidi sözlərin verilməsi bir ənənə şəklini almışdır. Hələ türk leksikoqrafiyasının ilk nümunəsi sayılan M. Kaşğarinin “Divanü Lüğat-İt-Türk” əsərində səs təqlidi sözlərin leksikoqrafik həllinə rast gəlirik:
Çınq - III, 311-7; Danq- III, 311-13; Tanq-tunq- III, 311-14; Takır-takır– I, 367-4; Tıkır-tıkır - I, 367-6. (Kaşğari, 2006)
Azərbaycan dili təqlidi sözlərlə çox zəngindir. İ. Şıxlının yaradıcılığı bu zənginliyin bariz göstəricisidir. Yalnız təqlidi sözlər deyil, onların əsasında yaranmış feillər və isimlər də çoxluq təşkil edir. İsmayıl Şıxlının dilində təqlidi sözlər əsasında yaranmış feillər aşağıdakılardır: çatıldamaq, çatıldaşmaq, fınxırmaq, fınxırışmaq, fısqırmaq, fışqırmaq, güyüldəmək, xısınlaşmaq, xışıldamaq, xışıldaşmaq, qağıldamaq, qağıldaşmaq,qaqqıldamaq, qaqqıldaşmaq, qaqqıldaşa-qaqqıldaşa, qığıldaşmaq, qıjıldamaq, şaqqıldamaq və s. Təqlidi sözlər əsasında yaranmış adlara örnəklər bunlardır: çatıltı, çatırtı, fınxırtı, fışıltı, güyültü, xırıltı, qaqqıltı, qıjıltı, qıjıltılı, qıjqoy, pırıltı, tappıltı, zağıltı, vıyıltı və s.
İşləklik dərəcəsi az olan təqlidi sözlər daha çox maraq doğurur. Bu tip sözlər ümumi lüğətlərə daxil edilməsə də, yazıçı lüğətinin sözlüyündə, təbii ki, yer almalıdır. Bu həm təqlidi sözlərə, həm də onların əsasında yaranmış nitq hissələrinə aiddir.
Həm də hər misradan sonra “puffa, puffa!” – deyə ağzını tavana tutub fısıldayırdı. (Şıxlı, 1968: 180)
Puffultu, tısıltı çoxaldı. (Şıxlı, 1968: 180)
Yazıçı dilində vokativ sözlərlə də bağlı maraqlı nümunəyə rast gəlinir. Qeyd edək ki, vokativ sözlər təqlidi sözlər fərqli olaraq, canlı, cansız varlıqların səslərinin təqlidi deyil, insanın heyvan və quşlarla bağlı işlətdikləri, təqlidi sözlərə bənzəyən söz və ifadələrdir. Məsələn, uşaqların quşları səsləyərkən işlətdikləri “ükkəl, ükkəl!” sözü belə sözlərdəndir.
Tut yetişəndə bu quşlar sahiblərinin dalınca qaçardı. Uşaqlar əllərindəki tutu yuxarı qaldırıb “ükkəl, ükkəl!” deyərdilər. (Şıxlı, 2005: 131)
Bu qəbildən olan sözlərin yazıçı lüğətlərinin sözlüyünə qeydsiz-şərtsiz daxil edilməsi vacib görünsə də, ümumi lüğətlərdə yalnız tezlik yüksək olduqda yer alır. Onu da qeyd edək ki, təqlidi sözlərin leksik-semantik, morfoloji baxımdan hələ də mübahisələrə səbəb olması onların xüsusi araşdırmaya cəlb olunmasını zəruri edir. Belə bir araşdırma, lüğətçilik baxımından, xüsusən ikidilli lüğətlərdə qarşılığının verilməsi, təqlidi sözlərin lüğətlərdə qrammatik işarə ilə təchiz olunması baxımından əhəmiyyəti daşıyır.
Nəticə
İsmayıl Şıxlı məzmun və ideya baxımından seçilən əsərlər müəllifi olmaqla bərabər, həm də ana dilinin zənginliyini, incəliyini sərgiləyən söz ustasıdır. Həm ümumi, həm də müxtəlif yönlü lüğətlərə zəngin dil materialı verə biləcək İ. Şıxlı yaradıcılığının leksikoqrafik baxımdan araşdırılması lüğətçilik sahəsi üçün böyük önəm daşıyır. İzahlı lüğətlər üçün illüstrativ material cəhətdən əhəmiyyət kəsb edən İ.Şıxlının dili ayrıca lüğətin - yazıçı dili lüğətinin də predmeti ola bilər. Ayrı-ayrı yazıçıların dilinin lüğəti özlüyündə müəllif dilini bütün cəhətləri ilə üzə çıxarmaqla bərabər, Azərbaycan dili lüğət tərkibinin toplanması, dil bankının (korpusunun) yaranması işinə də xidmətdir.
İ. Şıxlının əsərlərinin dilindəki az işlək sözlər tezliyi nəzərə alınmaqla ümumi lüğətlərdə yer almalıdır, belə ki, bu sözlərin hər yaş dövründə oxucu qarşısına çıxma ehtimalı yüksəkdir. İ. Şıxlının əsərlərinin dilində izahlı lüğətdə olmayan tezliyi etibarilə seçilən sözlər kifayət qədərdir: züllə, zülləpapaq, heykirmək, yehrələnmək, anadil və s. Yazarın əsərlərinin dilində etnoqrafizmlər də xüsusi yer tutur, burada qədim rəqs adları, musiqi alətləri, geyim adları, oyun adları haqqında ensiklopedik məlumat tapmaq olar. Bu dil materialından linqvistik lüğətlərdə hər hansı izahı tamamlamaq, baş söz haqqında aydın təsəvvür yarada bilmək üçün istifadə edilə bilər.
İ. Şıxlının bədii dilinin leksikoqrafik baxımdan öyrənilməsi sözün semantik strukturunun açılması, mənaların rubrikasiyası (bölünməsi) və lüğətlərdə daha əhatəli əks olunmasına kömək edə bilər. Ümumi lüğətlərdə sözün məna strukturunu tam əhatə etmək üçün bir neçə yazıçının yaradıcılığını bir yerə toplamaq lazım gəldiyi halda, İ.Şıxlı sözün bir neçə mənada işlətməsi baxımından lüğətə lazımi nümunə verir, sözün çoxmənalılıq imkanlarını nümayiş etdirir. Məsələn, daban sözünün dörd leksik mənası, eləcə də mürəkkəb sözün və frazeologizmin komponenti kimi işlənməsi müşahidə olunur.
Müxtəlif səviyyələrdə obrazlılıq Şixlı dilində geniş əks olunmuşdur. İ. Şıxlı yaradıcılığında həm klassik ədəbiyyatda rast gəlinən məcazlarla (qırğı kimi, ley kimi, qılınc kimi) yanaşı, maraqlı orijinal məcazlar da vardır. Orijinal metaforların bir qismi somatizmlərlə bağlıdır: Körpünün qarnı, dizin kündəsi kimi metaforları sözün məna genişlənməsi, sözdə məcazi mənaların yaranması kimi qiymətləndirmək olar. İ. Şıxlı keçinmək sözünü bir-birinə zidd iki mənada (1. Yaşamaq, dolanmaq; 2. Ölmək) işlətməklə nadir dil hadisəsi olan enantiosemiyanın maraqlı nümunəsini göstərmişdir.
Ədəbi dil vahidi hesab olunmasa da, vulqarizmlər lüğətlərin sorğu funksiyasının maraqları daxilindədir. Vulqarizmlər, əsasən, sözün semantik strukuruna daxil olmaq xüsusiyyətinə malikdir və bu cəhətdən sözün ayrıca bir mənası kimi lüğətlərdə verilməlidir.
Təqlidi sözlər İ. Şıxlı yaradıcılığında bütün rəngarəngliyi ilə üzə çıxır. Həm sadə təqlidi sözlər, həm də onların əsasında yaranan adlar və feillər yazıçının əsərlərində geniş yer alır. Bu sözlərin bir qisminə yalnız İ. Şıxlının dilində rast gəlinir və ümumi lüğətlər üçün illüstrasiyalar məhz yazıçının dilindən gətirilən nümunələr əsasında seçilə bilər.
İstifadə olunan ədəbiyyat
Azərbaycan dilinin dialektoloji lüğəti. (2007). Bakı: Şərq-Qərb.
Azərbaycan dilinin izahlı lüğəti. (1966). 4 cilddə. I cild. Bakı: Elm.
Azərbaycan dilinin izahlı lüğəti. (1980). 4 cilddə. II cild. Bakı: Elm.
Azərbaycan dilinin izahlı lüğəti. (1983). 4 cilddə. III cild. Bakı: Elm.
Azərbaycan dilinin izahlı lüğəti. (1987). 4 cilddə. IV cild. Bakı: Elm.
Əhmədov, B. (2015). Etimologiya lüğəti. Bakı: Altun kitab.
Xəlilov, B. (2014). İsmayıl Şıxlı: müəllim haqqında müəllim sözü. Bakı: Bakı çap evi.
Kaşğari, M. (2006). Divanü Lüğat-it-türk. 4 cilddə, I cild, Bakı: Ozan.
Kazımov, Q. (2009). “Dəli Kür”ün dili. Seçilmiş əsərləri. 4-cü cild, Bakı:Nurlan.
Şıxlı, İ. (1968). Dəli Kür. Bakı: Gənclik.
Şıxlı, İ. (1985). Cəbhə yolları. Bakı: Gənclik.
Şıxlı, İ. (2005). Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı: Şərq-Qərb.
Şıxlı, İ. (2005a). Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı: Şərq-Qərb.
Tanrıverdi, Ə. (2012). “Dəli Kür” romanının poetik dili. Bakı: Elm və təhsil.
Gulusoy, İ., Guliyeva, K. (2021) İsmayıl Şıxlının “Ölən dünyam” romanında cümhuriyyət dönəmi azadlıq mücadiləsinin bədii ifadəsi, The X International Scientific Symposium dedicated to the 880th anniversary of Nizami Ganjavi “Science and Education: yesterday, today, tomorrow”, 23 January 2021, Stockholm, Sweden, p.63-66.
İxtisarlar
ADİL - Azərbaycan dilinin izahlı lüğəti.
ADDL - Azərbaycan dilinin dialektoloji lüğəti