İSMAYIL ŞIXLININ BƏDİİ DİLİNƏ LEKSİKOQRAFİK YANAŞMA
Bakü Slavyan Üniversitesi, Bakü/ Azerbaycan
Anahtar Kelimeler: : Lüğət, izahlı lüğət, leksikoqrafiya, leksikoqrafik yanaşma, leksikoqrafik təhlil, semantik struktur
Özet
Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan Xalq yazıçısı İsmayıl Şıxlı müasir dövrdə ən çox oxunan, əsərləri təkrar-təkrar nəşr olunan, adı məktəb dərsliklərindən düşməyən, haqqında tədqiqat işləri yazılan ədiblərdəndir. İ. Şıxlının əsərlərinin dili araşdırmaların mövzusu olsa da, xüsusən məşhur "Dəli Kür" əsərinin dili tədqiq olunsa da, onun bədii dilinin lüğətçilik üçün əhəmiyyəti diqqətdən kənarda qalmışdır. Bu məqalədə İsmayıl Şıxlının bədii dili leksikoqrafik yöndən təhlil olunur, müxtəlif tipli lüğətlərin, xüsusən izahlı lüğətlərin tərtibində istifadə olunması yolları araşdırılır, İ. Şıxlının dilinin lüğətinin tərtibinin vacibliyi vurğulanır. İ. Şıxlı leksikasının maraq doğuran qismi Azərbaycan dilinin izahlı lüğətində olmayan, lakin oxucunun qarşısına çıxa biləcək az işlək leksikadır. Belə sözlər kifayət qədərdir və həm ümumi lüğətlərdə, həm də yazıçı lüğətində təmsil olunmalıdır. Məsələn: yehrələnmək - zolaq şəklində nizamla biçilmək, nizamla biçilib zolaq şəklində düzülmək; züllə papaq - qıvrım tüklü dəridən tikilən çox hündür papaq növü. XI Ordu əsgərlərinin baş geyiminə də xalq arasında qədim papaq növünü xatırlatdığı üçün züllə papaq demişlər; heykirmək - bağırmaq, böyürmək, hayqırmaq. İ. Şıxlının dili etnoqrafik leksika ilə zəngindir. Şıxlının əsərlərində xalqın həyatı, məişəti, adət-ənənələri ilə bağlı bəzi sözlərin geniş ensiklopedik izahını tapmaq mümkündür: iynəlik - Novruz bayramı adətlərindən biri. cıdırhəngi - izahlı lüğətdə qeydə alınmayıb. Cıdır yarışlarında ifa olunan zərbli havanın və rəqsin adı. dirədöymə - izahlı lüğətdə yalnız oyun adı kimi qeydə alınsa da, İ. Şıxlı dilində həm də rəqs havasının adı kimi rast gəlinir. Ümumi izahlı lüğətlərin tərtibində dildə sözün bütün mənalarını əhatə etmək üçün bəzən dörd-beş yazıçının yaradıcılığından istifadə etmək lazım gəlir. İ. Şıxlı sözün çoxmənalılıq imkanlarını məharətlə sərgiləyə bilir, sözün məna tutumunu təqdim etmək üçün lüğət materialı verir. Məqalədə daban sözünün 4 mənada, kötük sözünün üç mənada işlənməsinə dair illüstrativ material göstərilir. İ. Şıxlı yaradıcılığını leksikoqrafik baxımdan araşdırmaq və maraqlı dil faktlarını üzə çıxarmaq Azərbaycan dili adlı bir xəzinənin tərkib hissələrinin toplanması, dil bankının (korpusunun) zənginləşməsi, çoxcildlik ümumi lüğətlərin tərtibi işinə də xidmətdir.